Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzləri yaradılıb. Ötən gün baş tutan açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Manset.az xəbər verir ki, bu
gün hər iki mərkəzin açılışı münasibətilə mediatur təşkil olunub. Məqsəd media
nümayəndələrini yeni yaradılan mərkəzlərin fəaliyyət istiqamətləri, yeniliklər,
nəzərdə tutulan planlarla tanış etməkdən ibarət olub.
Mediaturda
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Yeni Klinikanın direktoru Barat
Yusubov, TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Robotik Reabilitasiya
Mərkəzinin rəhbəri Pərvin Əkbərov, TƏBİB-in İctimaiyyətlə əlaqələr-kommunikasiya
departamentinin rəhbəri Zamirə Ədilova, eləcə də media rəhbərləri və
nümayəndələri iştirak edib.
Media
nümayəndələri ayrı-ayrılıqda Yeni Robotik Reabilitasiya və Sümük İliyi
Transplantasiyası mərkəzləri ilə tanış olub. Onlara burada yaradılan şərait,
göstərilən tibbi xidmətlərlə bağlı ətraflı məlumat verilib.
Bildirilib
ki, 3600 kvadratmetr ərazidə yerləşən Yeni Robotik Reabilitasiya Mərkəzi,
Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan ilk
mərkəzlərindən biridir.
Əsas
məqsəd pasiyentlərin funksional müstəqilliyini bərpa etmək, həyat keyfiyyətini
yüksəltmək və hərəkət imkanlarını maksimum səviyyəyə çatdırmaq, həmçinin
ölkəmizdə əlillik səviyəsini minimuma endirməkdir. Mərkəz həm ambulator, həm də
stasionar müalicə xidmətləri təqdim edir.
Müəssisədə
ümumilikdə 3 həkim-fizioterapevt, 1 həkim-travmatoloq, 4 həkim-nevroloq, 4
təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, 9 müalicəvi bədən tərbiyəsi
(MBT) təlimatçısı, 32 fizioterapevt-reabilitoloq, 17 tibb bacısı/qardaşı, 2
masaj üzrə tibb bacısı/qardaşı və 20 kiçik tibb işçisi fəaliyyət göstərir.
Mərkəzin
Neyrotravma şöbəsində kəllə-beyin və onurğa-beyin travmaları, eləcə də ölkənin
müxtəlif tibb müəssisələrindən reanimasiyadan sonra reabilitasiyaya ehtiyacı
olan vətəndaşların stasionar müalicəsi həyata keçirilir.
Bundan
əlavə, mərkəzdə bir sıra sahələr üzrə robotik və klassik reabilitasiya
xidmətləri göstərilir. Nevrologiya istiqamətində insult, beyin və onurğa beyni
zədələnmələri, həmçinin sinir sistemi xəstəliklərindən sonra bərpa prosesi
aparılır.
Ortopedik
reabilitasiya çərçivəsində travmalardan və ortopedik əməliyyatlardan sonra
hərəkətin bərpası təmin edilir.
Pediatrik
və neonatoloji reabilitasiya uşaqlarda hərəkət, inkişaf və koordinasiya
pozuntularının erkən korreksiyasına yönəlib. İdmanda reabilitasiya xidməti
idman zədələrindən sonra funksional hazırlığın və performansın bərpasını
hədəfləyir.
Əl
reabilitasiyası sahəsində əl cərrahiyyəsi və yuxarı ətrafların motor
funksiyalarının inkişafı, eləcə də incə hərəkətlərin bərpası həyata keçirilir.
Kardiopulmonar reabilitasiya ürək-damar və tənəffüs sistemi xəstəliklərindən
sonra fiziki dözümlülüyün artırılmasına xidmət edir. Geriatrik reabilitasiya
isə yaşlı pasiyentlərdə hərəkət imkanlarının genişləndirilməsi və həyat
keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib.
Onkoloji
reabilitasiya onkoloji müalicələrdən sonra fiziki və psixoloji adaptasiyanın
təmin edilməsini əhatə edir. Bundan əlavə, ginekoloji və androloji
reabilitasiya kiçik çanaq disfunksiyalarında, kiçik çanaq əzələlərinin
funksional bərpası, gücünün və elastikliyinin artırılması məqsədilə tətbiq
olunan hədəfli fizioterapevtik yanaşma ilə həyata keçirilir. Onurğa sağlamlığı
xidmətləri onurğa sütunu problemlərinin qarşısının alınmasına və müalicəsinə
istiqamətlənib.
Reanimasiya
və intensiv terapiyada reabilitasiya ağır vəziyyətdən çıxmış pasiyentlərin
erkən mərhələdə bərpasını təmin edir və hədəf Azərbaycandakı böyük dövlət
xəstəxanalarında reanimasiya şəraitində reabilitasiya xidmətlərinin
gücləndirilməsidir.
Yeni
Robotik Reabilitasiya Mərkəzi dünyada həm robotik, həm də klassik reabilitasiya
sahəsində lider mövqeyini möhkəmləndirməyi, elmi və texnoloji yenilikləri
reabilitasiya proseslərinə inteqrasiya edərək Azərbaycanı innovativ
reabilitasiya mərkəzinə çevirməyi hədəfləyir. Bu istiqamətdə beynəlxalq
akreditasiyalar üçün rəsmi danışıqlara artıq başlanılıb.
Yeni
fəaliyyətə başlayan Sümük İliyi Transplantasiya Mərkəzinə də baxış keçirilib.
Mərkəz müasir tələblərə cavab verən yüksək ixtisaslaşmış tibbi mərkəz kimi
formalaşdırılıb. Şöbə hemato-onkoloji xəstəliklərin müalicəsində ən son elmi
nailiyyətləri tətbiq edən, geniş təcrübəyə malik multidisiplinar komanda
tərəfindən idarə olunması planlaşdırılır.
Tibbi
xidmətlər çərçivəsində qeyd olunan diaqnozlarla müalicə alan pasiyentlər üçün
həm allogen, həm də autogen sümük iliyi transplantasiyası həyata keçirilməsi
nəzərdə tutulur.
Mərkəz
22 çarpayılıq şöbə ilə böyüklər və uşaqlar üçün fəaliyyət göstərəcək. Həm
autogen, həm də allogen sümük iliyi transplantasiyası beynəlxalq protokollara
uyğun şəkildə həyata keçiriləcək.
Transplantasiya
blokları müasir sterilizasiya standartlarına cavab verən HEPA filtrasiyalı hava
axını, tam izolyasiya rejimi və yüksək səviyyəli infeksion nəzarət sistemi ilə
təchiz edilib.
Mərkəzin
əsas məqsədi pasiyentlərə təhlükəsiz, effektiv və yüksək keyfiyyətli müalicə
təqdim etmək, elmi yenilikləri praktikaya gətirmək və ölkədə sümük iliyi
transplantasiyası xidmətlərinin əlçatanlığını artırmaqdır.
Yeni
yaradılmış mərkəz ilə tibb müəssisəsi hemato-onkoloji xəstəliklərin
müalicəsində daha geniş imkanlar yaradacaq və müasir tibb standartlarının
tətbiqində nümunəvi mərkəz kimi fəaliyyət göstərməyə davam edəcəkdir.