Noyabrın 21-də Azərbaycan Dillər
Universitetində “Süni intellekt və humanitar elmlər: Müasir vəziyyət və perspektivlər”
adlı beynəlxalq elmi konfransın açılış mərasimi olub.
Manset.az xəbər verir ki, konfransın açılış mərasimində bir sıra
ölkələrin səfirləri, diplomatlar, alimlər, ictimaiyyət nümayəndələri və
tələbələr iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları
Azərbaycan Dillər Universitetinin foyesində ulu öndər Heydər Əliyevin büstü
önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Dövlət Himni səsləndirilib. Daha
sonra “Gaudeamus” tələbə himni ifa olunub.
ADU-nun rektoru, akademik Kamal
Abdulla konfrans iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb.
Qeyd olunub ki, müasir dünyada süni intellektlə bağlı aparılan tədqiqatlar və
araşdırmalar həyat fəaliyyətinin demək olar ki, bütün sahələrində özünü
göstərməkdədir:
“Bu gün universitetimizdə əlamətdar
bir gündür. Mən çox şadam ki, konfransımızda Azərbaycanda fəaliyyət göstərən
bir sıra ölkələrin səfirləri, diplomatlar iştirak edir. Böyük
məmnuniyyətlə qeyd etmək istəyirəm ki, konfransımızda İsrail, Belarus, Venesuela,
Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstanın ölkəmizdəki
səfirləri iştirak edir və onlara səmimi qəlbdən təşəkkür edirəm, “xoş
gəlmisiniz” deyirəm.
Konfrasımızda İtaliyadan, İspaniyadan,
Mərakeşdən, Rumıniyadan, Özbəkistandan, Türkiyədən, Pakistandan, Ukraynadan,
Rusiyadan, Belarusdan, Qazaxıstandan olan qonaqlarımız var, onlara da
“xoş gəlmisiniz” deyirəm.
Eyni zamanda konfransımızda iştirak
edən mütəxəssislər arasında əllidən çox ölkənin nümayəndələri
konfransımızda iştirakçı kimi qeydiyyatdan keçib və biz onların maraqlı
mərzuləri ilə tanış olacağıq.
Həmçinin Azərbaycanın bir sıra aparıcı
ali təhsil müəssisələrindən Bakı Dövlət Universiteti, Azərbaycan Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Dövlət Təhlükəsizliyi
Xidmətinin Heydər Əliyev adına Akademiyası , Xəzər Universiteti, Bakı
Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Qərb
Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes
Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti,
Azərbaycan Dənizçilik Akademiyası, Bakı Avrasiya Universiteti, Azərbaycan
Dövlət Pedaqoji Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət
Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Univeristeti və digər ali təhsil
müəssisələrindən olan mütəxəssislər konfransda iştirak edir və onlara da öz
təşəkkürümüzü bildiririk.
Konfrans “Dil və süni intellekt”,
“Süni intellekt və tərcümə məsələləri”, “Ədəbiyyat süni intellekt dövründə”,
“Xarici dillərin tədrisində süni intellektin rolu”, “Fəlsəfə və psixologiyaya
dair tədqiqatlarda süni intellekt problem”, “Süni intellekt və media
tədqiqatları” mövzusunda altı bölmə üzrə təmsil olunub.
İnanıram ki, konfrans müasir
elmi aktuallığı ilə seçiləcəkdir və ən əsası gələcək elmi, mədəni
əməkdaşlığımıza öz töhfəsini verəcəkdir.
Hörmətli qonaqlar, cənab səfirlər,
diplomatlar sizi bir daha universitetdə görməyimizdən məmnunluğumuzu
bildiririk. Bizi bir-birimizə bağlayan güclü xətlər var, biz çox istərdik
ki, bu xətlər elmi istiqamətdə də davam etsin, bu gün sizin konfransımıza və
universitetimizə göstərdiyiniz maraq bizim üçün çox qiymətlidir. Konfransın
işinə uğurlar arzu edirik. Yaşasın konfrans”!
AMEA-nın müxbir üzvü, Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin professoru Rafiq Əliyev konfransla
bağlı fikirlərini söyləyib.
Qeyd olunub ki, konfransın mövzusu
müasir dünyada elmə yeni yanaşmanı və tədqiqat imkanlarını qiymətləndirmək,
humanitar elmlərlə süni intellektin qarşılıqlı şəkildə öyrənilməsi baxımından
yüksək əhəmiyyətə malikdir.
Konfransın süni intellektlə humanitar
elmlərin qarşılıqlı şəkildə öyrənilməsi baxımından ilklərdən olduğunu bildirən
professor Rafiq Əliyev süni intellektin humanitar sahələrə təsirinin,
tədqiqat və tədris prosesində tətbiq imkanlarının genişləndirilməsinin
vacibliyini diqqətə çatdırıb və konfrans iştirakçılarına uğurlar arzu
edib.
Türkiyənin Hacettepe Universitetinin
Fransız dili və ədəbiyyatı kafedrasının müdir müavini Eylem Aksoy Alp
çıxışında konfransın beynəlxalq əməkdaşlıq və elmi əlaqələrin qurulması
baxımından önəmindən söz açıb.
Bildirilib ki, konfrans öz aktuallığı
ilə seçilir və gənc alimlər üçün yeni üfüqlər açır, həmçinin beynəlxalq
əlaqələrin qurulması, elmi əməkdaşlıq baxımından önəmli hadisə kimi mühüm
əhəmiyyətə malikdir.
Pakistanın Kompüter və İnkişaf etməkdə
olan Milli Elmlər Universitetinin Humanitar Elmlər fakültəsinin dekanı Summaira
Sarfraz konfransda video müraciətlə çıxış edib. Video müraciətdə
konfransın işi və perspektivləri barəsində fikir bildirən qonaq müasir elmi
biliklərin yeni formatda təqdimatını və araşdırılmasını alqışladığını, gələcək
elmi tədqiqat və araşdırmalar üçün konfransın vacib olduğunu söyləyib.
İspaniyanın Alkala Universitetinin Dil
və ədəbiyyatın tədrisi fakültəsinin dekanı Xesus Qarsia Laborda konfransın
təşkilatçılarına və ADU rəhbərliyinə öz təşəkkürünü bildirib. Söylənilib ki,
elmi, mədəni əməkdaşlıq və beynəlxalq əlaqələrin inkişafı baxımından konfrans
öz aktuallığı ilə seçilir.
AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunun Süni intellekt kompüter dilçiliyi şöbəsinin müdiri Məsud Məmmədov
konfransın keçirilməsinə görə ADU rəhbərliyinə və kollektivinə öz
təşəkkürünü bildirib, konfransın əhəmiyyətindən danışıb. Konfrans Prezident
İlham Əliyevin Süni intellektlə bağlı sərəncamına və bu sahədə mütəxəssislərin
yetişdirilməsi istiqamətində verilən ən mühüm töhfələrdən biridir.
Rumıniyanın Aleksandru İoan Kuza adına
Yassı Universitetinin professoru Lyudmila Bejenaru konfrans iştirakçılarını
salamlayıb, konfransın işinə uğurlar arzu edib. Qonaq deyib ki, ADU
beynəlxalq əlaqələrin qurulması və elmi əməkdaşlığın aparılması imkanlarını ən
yüksək səviyyədə özündə ehtiva edən ali təhsil müəssisələrindən biridir.
Moskva Dövlət Linqvistik
Universitetinin Layihə ofisinin direktoru Olqa Yeqorova konfransda iştirakından
məmnunluğunu bildirirərək, ADU rəhbərliyinə və kollektivinə öz səmimi
təbriklərini çatdırıb.
Konfransın aktuallığını və
əhəmiyyətini yüksək qiymətləndirən qonaq iştirakçılara uğurlar arzu edib.
Almaniyanın DAAD-nin ADU-da
nümayəndəsi Liza Brandt çıxışında konfransın müasir elmi
çağırışlara və yeniliklərə uyğun olduğunu və beynəlxalq əməkdaşlıq
perspektivlərinin aktuallığını diqqətə çəkib.
İtaliyanın Sapienza Universitetinin
əməkdaşı Mario Soldaini konfrans iştirakçılarını salamlayıb, konfransın
beynəlxalq əhəmiyyətini yüksək qiymətləndirib.Bildirilib ki, konfransa maraq
böyükdür və iştirakçılar üçün əlverişli imkanlar yaradılıb.
Konfrans işini bölmə iclasları ilə
davam etdirib.
Qeyd edək ki, konfrans altı bölmə üzrə
işini davam etdirəcək və dilçilik (koqnitiv dilçilik, neyrolinqvistika, korpos dilçiliyi,
sosiolinqvistika), tərcüməşünaslıq (maşın tərcüməsi), ədəbiyyatşünaslıq
(Ədəbiyyat süni intellekt dövründə), xarici dillərin tədrisi metodikası,
psixologiya və fəlsəfə, media tadqiqatları mövzusunda hazırlanan məruzələr
dinlənəcək.