Ət əslində insanların böyük hissəsinin rasionunun əsasını təşkil edir. Lakin kardioloqlar bəzi ət növlərinin ümumi sağlamlığa, xüsusilə də ürək sağlamlığına mənfi təsir göstərə biləcəyini bildirirlər.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Parade" nəşri yazıb.
Ətin sağlamlığa təsiri
Ət şübhəsiz ki, zülal və anemiya yaşayan insanlar üçün dəmir mənbəyidir. Bununla belə, 2021-ci ildə aparılan bir araşdırmaya görə, ət bəzi ciddi xəstəliklərin – ürək xəstəlikləri, pnevmoniya və diabetin – inkişaf riskini artırır.
Tibb elmləri doktoru Coys Oen-Syaonun sözlərinə görə, ürək sağlamlığı üçün ən çox fayda bitki mənşəli qidalanmadan gəlir, xüsusilə də xolesterin və qan təzyiqinin aşağı salınması baxımından.
"Bu, bitkilərdə yağın az, lifin isə çox olmasına bağlıdır və bu, xolesterinin aşağı düşməsinə kömək edir. Rasionda tərəvəz, meyvə, tam taxıllar, paxlalılar və qoz-fındığın artırılması ürək-damar xəstəliklərindən ölüm riskinin azalması ilə əlaqələndirilir", deyə o bildirir.
Kardioloqa görə ürək üçün ən zərərli ət
Doktor Oen-Syao qeyd edir ki, ürək sağlamlığı üçün zərərli iki əsas ət növü var. Birinci növbədə bu, qırmızı ətin xüsusilə yağlı hissələridir:
"Bu ətdə çoxlu doymuş yağ olur və bu da aşağı sıxlıqlı lipoprotein (LDL) xolesterinin səviyyəsini artıra bilər. Doymuş yağların yüksək olması zərərli xolesterinin artmasına səbəb olur və bu maddə damarların divarında yığılıb qan axınının qarşısını ala bilər. Bu tıxanma ürək damarlarında baş verərsə infarkta, beyin damarlarında baş verərsə insult riskinə gətirib çıxara bilər".
İkinci zərərli ət növü – doktorun sözlərinə görə – "çoxlu doymuş yağ və natrium” ehtiva edən ət delikatesləri və "hot-doq”lardır. Onun fikrincə, natriumun yüksək olması qan təzyiqinin artmasına və ayaqlarda şişkinliyə səbəb ola bilər.
Kardioloq əlavə edir ki, qırmızı ətin həddindən artıq istehlakı xərçəng və artıq çəki riskini yüksəldir. Üstəlik, ət delikatesləri və "hot-doq”larda olan nitratların da yüksək olduğu vurğulanır:
"Bu maddənin xərçəng və yüksək qan təzyiqi riskini artırdığı sübut edilib".
Doktor Oen-Syao Amerika Kardiologiya Assosiasiyasının tövsiyəsinə qoşularaq qırmızı ətin qəbulunun yağsız hissələrlə məhdudlaşdırılmasını və gündəlik kalorinin 6%-i səviyyəsində saxlanılmasını tövsiyə edir. O bildirir ki, daha faydalı ət növü dərisiz bişmiş və ya buğda hazırlanmış quş əti, həmçinin əsasən losos olmaqla omeqa-3 yağ turşuları ilə zəngin balıqdır.