Qırmızı
Ürəklər Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid
olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin
bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyata keçirir. Layihə çərçivəsində
rayon və şəhər üzrə şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsinə eyni
sayda ağaclar əkilir. Layihə, həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək
məqsədi daşıyır.
Budəfəki
ağacəkmə aksiyası “PMD Group”-un dəstəyi ilə Mingəçevir və Şirvan şəhərlərində
həyata keçirilib. Mingəçevirdə 384, Şirvanda 159 ədəd olmaqla ümumilikdə 543 şəhidin
xatirəsinə eyni sayda həmişəyaşıl ağac əkilib. Ağacəkmə aksiyasında şəhid ailələri,
qazilər, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, həmçinin Kapital Bank-ın
və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak ediblər. Aksiya yerli İcra
Hakimiyyəti orqanlarının dəstəyi ilə baş tutub.
Bununla
da ölkə ərazisində “Qəhrəmanlar bağı”nın sayı 30-a çatıb. Layihənin ağacəkmə
mövsümü zamanı davam etdirilməsi planlaşdırılır. Əkilən ağaclara qulluq
olunması, suvarlanması kimi digər lazımi tədbirləri isə yerli İcra Hakimiyyəti
orqanları və Qırmızı Ürəklər Fondu həyata keçirir.
Qeyd
edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir
qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə
dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin
formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası,
təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib
mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi
yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.
“Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək
sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına
daxil ola bilərsiniz.