Rusiyanın Sverdlovsk Vilayət Məhkəməsi Yekaterinburqda həbsdə olan Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev və Akif Səfərovun apellyasiya şikayətinə baxıb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, vilayət məhkəməsi iş materiallarını araşdırdıqdan sonra birinci instansiya məhkəməsinin qərarını mahiyyəti üzrə qüvvədə saxlayıb.
Xatırladaq ki, 16 oktyabr 2025-ci il tarixində Yekaterinburqun Verx-İsestski Rayon Məhkəməsi həmyerlilərimizin həbs müddətini 29 dekabr 2025-ci ilə qədər uzadıb.
Təqsirləndirilən şəxslərin vəkilləri qərardan apellyasiya məhkəməsinə şikayət edərək, müştəriləri üçün daha yüngül qətimkan tədbiri - ev dustaqlığı və ya müəyyən fəaliyyətlərə qadağa qoyulmasını istəyiblər.
Qeyd edək ki, ibtidai istintaq orqanları A.Gənciyev, A.Abasov və Ş.Lalayevi Rusiya Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsinin "z" və "j" bəndləri ilə cinayət törətməkdə ittiham ediblər. Akif Səfərov isə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "j" bəndi, 33-cü maddəsinin 3-cü hissəsi, 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsinin "z" və "j" yarımbəndləri ilə ittiham olunub.