Dekabrın 26-da baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə cari il ərzində görülmüş işlər, qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunmuş Kollegiya iclası keçirilib.
Manset.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Kollegiya iclasında giriş nitqi ilə çıxış edən baş prokuror Kamran Əliyev cari ilin xalqımız, o cümlədən hüquq ictimaiyyəti üçün əlamətdar hadisələrlə zəngin bir il olduğunu bildirib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsinin Konstitusiyanın qəbulunun 30 və Vətən müharibəsində qazanılmış Qələbənin 5 illiyinə təsadüf etməsi ona xüsusi mənəvi mahiyyət qatıb. Bildirilib ki, bu ilin qeyd olunması ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinə ehtiramın ifadəsi olmaqla, ulu öndərin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Konstitusiya əsasında dövlət suverenliyi, qanunun aliliyi və insan hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də Azərbaycanın hüquqi dövlət kimi formalaşmasını əks etdirir.
Çıxış zamanı, həmçinin vurğulanıb ki, ulu öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, hüquqi islahatların dərinləşdirilməsi, vətəndaşların sosial rifahının yüksəldilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunmuş, bu sahədə Birinci vitse-prezident Mehriban Əliyeva da yaxından iştirak etmiş, bu siyasətin məntiqi davamı olaraq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri yüksək sürətlə davam etdirilir.
Eyni zamanda, qeyd edilib ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursu mürəkkəb qlobal proseslər fonunda Azərbaycanın beynəlxalq mövqelərini gücləndirib, xüsusilə ABŞ və Çin Xalq Respublikası ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə imkan yaradıb. Vurğulanıb ki, bu uğurlu xarici siyasət ölkədə siyasi sabitliyin möhkəmlənməsi və daxili inkişaf üçün əlverişli şəraitin formalaşmasını təmin edib, bunun məntiqi nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri yüksək templə davam etdirilir.
Prokurorluq orqanlarının fəaliyyətinə toxunarkən Kamran Əliyev tərəfindən ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan prokurorluğunun rolu qeyd edilməklə, prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər kollegiya üzvlərinin diqqətinə çatdırılıb, ümumən qeydə alınmış cinayətlərin sayında azalmanın müşahidə edildiyi, bu nailiyyətlərin əldə olunmasında digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə həyata keçirilən preventiv, operativ və istintaq tədbirlərinin effektivliyi vurğulanıb.
Eyni zamanda, prokurorluq orqanlarının vətəndaşların hüquqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi və ictimai təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində davamlı və sistemli fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
Həmçinin çıxışda baş prokuror qeyd edib ki, 2025-ci ilin prokurorluq orqanlarının fəaliyyəti baxımından mühüm beynəlxalq hadisələrlə yadda qalmışdır. Bu çərçivədə Baş Prokurorluğun təşkilatçılığı ilə bir sıra beynəlxalq tədbirlər konfranslar keçirilib.
İclasda, həmçinin Baş Prokurorluğun "İşin Təşkili Qaydaları"na əlavə və dəyişikliklərin edilməsi, eləcə də "Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol Xəritəsi" layihəsinin müzakirəsi və təsdiqi məsələsi ilə bağlı Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq icrası həvalə olunmuş vəzifələrə təyinatlara razılıq verilməsi ilə bağlı Kadrlar idarəsinin rəisi Natiq Hüseynov məruzələrlə çıxış ediblər.
Aparılmış müzakirələr ətrafında Kollegiya üzvləri çıxış edərək təkliflərini bildiriblər, sonda bir sıra məsələlər üzrə Kollegiyanın qərarı qəbul olunub.
İclasa yekun vuran baş prokuror Kamran Əliyev Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bundan sonrakı fəaliyyəti zamanı da dövlət və xalqımızın mənafeyi naminə qanunla üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.