İnnovasiya lideri Bakcell
və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı ilə gənclərin
innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləyən
yeni təqaüd proqramı yaradılıb.
Təqaüd proqramının təqdimatı çərçivəsində Bakcell-in baş direktoru Klaus Müller və Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev arasında Tərəfdaşlıq haqqında Anlaşma Bəyanatı imzalanıb. Tədbirdə müxtəlif dövlət qurumları və gənclər təşkilatlarının nümayəndələri də daxil olmaqla, 300-dən çox qonaq iştirak edib.
Təqaüd proqramı gənclər arasında innovativ düşüncə tərzinin formalaşdırılmasını və süni intellekt əsaslı texnologiyalarla işləmə bacarıqlarının artırılmasını hədəfləyir. Proqram çərçivəsində təqaüd haqqı qazanmış gənclər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn kimi gələcəyin peşələri üzrə praktiki bilik və bacarıqlara yiyələnmək imkanı əldə edəcəklər.
Birgə tərəfdaşlıq çərçivəsində keçirilən bu təşəbbüs gənclərin potensialının üzə çıxarılmasına, innovasiya ekosisteminin gücləndirilməsinə və gənc mütəxəssislərin formalaşmasına töhfə verməyi hədəfləyir. Tədris müddəti boyunca ümumilikdə 150 gəncin təqaüd proqramından yararlanması nəzərdə tutulur.
Təqaüd proqramına müraciət etmək istəyən 18-29 yaş arası və IT sahəsi üzrə baza biliklərinə sahib gənclər http://youthfoundation.az/ saytı vasitəsilə 16 fevral tarixinədək qeydiyyatdan keçə bilərlər.
Bakcell
haqqında
Bakcell
Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət
üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri
ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın
dayanıqlı inkişafına töhfə verir.
Bakcell
müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər
qrupunun tərkibinə daxildir.