Ölkəmizdə xeyriyyəçilik ənənələrinin təbliğinə dəstək məqsədilə fəaliyyətə başlayan “Nazlı Ana” Xeyriyyə Təşkilatı əməkdaşlarının andiçmə mərasimi keçirilib.
Tədbirdə təşkilatın Məşvərət Şurasının üzvləri, rəsmi qonaqlar və kollektivin üzvləri iştirak ediblər.
Mərasimdə Azərbaycanın dövlət himni səsləndirilib. Xeyriyyə təşkilatında fəaliyyətə başlayan əməkdaşlar Azərbaycan Respublikasına sadiq olacaqlarına, Konstitusiyamıza əməl edəcəklərinə, “Nazlı Ana” Xeyriyyə Təşkilatının adını uca tutacaqlarına, fəaliyyətlərini dürüst və şəffaf şəkildə həyata keçirəcəklərinə and içiblər.
Tədbirdə “Nazlı Ana” Xeyriyyə Təşkilatının təsisçisi və sədri Səbinə Nağıyeva çıxış edib. Fondun fəaliyyətinin şəffaflıq, sosial məsuliyyət və humanizm prinsipləri əsasında qurulduğunu diqqətə çatdıran sədr kollektivin hər bir üzvünün öz işinə məsuliyyət və vicdanla yanaşmasının ən vacib şərt olduğunu bildirib. Kollektiv üzvlərinə nəcib işlərində uğurlar arzulayan S.Nağıyeva sonda təşkilatın Məşvərət Şurasının üzvlərinə xatirə hədiyyələrini təqdim edib.
Qeyd edək ki, “Nazlı Ana” Xeyriyyə Təşkilatı İctimai Birliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 28 dekabr 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb. Məqsəd aztəminatlı ailələrdən olan, maddi çətinliklər səbəbindən təhsilini davam etdirməkdə çətinlik çəkən tələbə qızlara dəstək göstərməkdir.
Hazırda xeyriyyə təşkilatı tərəfindən ölkənin ali təhsil müəssisələrində təhsil alan tələbə qızların akademik inkişafını dəstəkləmək məqsədilə “Nazlı Ana Təqaüd Proqramı” üzrə müraciətlərin qəbulu davam edir. Proqrama aztəminatlı ailələrdən olan, bakalavr pilləsində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının vətəndaşı sayılan tələbə qızlar müraciət edə bilərlər.
Son müraciət tarixi 26 yanvar 2026-cı ildir.
Müraciət üçün linkə daxil ola bilərsiniz.
“Nazlı Ana” Xeyriyyə Təşkilatı - Mərhəmət və sabaha qayğı ilə!