Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı diaspor nümayəndələrinə qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, Kirovski rayon məhkəməsində qətl və qətlin təşkili cəhdi ilə bağlı işə baxılır. İştirakçıların çoxluğu səbəbindən məhkəmə iclası vilayət məhkəməsinin binasında keçirilib.
Təqsirləndirilənlər arasında Şucəddin Rəcəbov, Akif, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovlar və Şahin Şıxlinski var.
İttihama görə, onlar 2001, 2010 və 2011-ci illərdə yerli sahibkarlara qarşı törədilmiş qətl və qətl cəhdlərində iştirak etməkdə günahlandırılırlar. Cinayətlər biznes sahələrinə nəzarət uğrunda mübarizə və azərbaycanlı diaspor daxilində liderlik çəkişməsi fonunda baş verib.
Dövlət ittihamçısı və zərərçəkən tərəfin vəsatəti təmin edilərək məhkəmə prosesinin qapalı keçirilməsinə qərar verilib. Növbəti məhkəmə iclası yanvarın 27-də keçiriləcək.