Kapital Bank “Dayan, düşün, dəqiqləşdir” kampaniyası çərçivəsində kiberdələduzluqla mübarizə mövzusunda maarifləndirici təlimlərini davam etdirir.
Budəfəki təlim Kapital Bank və Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin (ADNSU) İnsan Resursları Departamentinin nəzdində fəaliyyət
göstərən “AZİ Akademiya”nın təşkilatçılığı ilə elmi-pedaqoji heyət üçün
keçirilib.
Təlimi ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq
şöbəsinin əməkdaşı Günel Tağıyeva açıb. O, çıxışında rəqəmsal mühitdə
təhlükəsizlik mövzusunun aktuallığını vurğulayaraq qeyd edib ki, ali məktəbdə
minlərlə tələbə təhsil alır. Onlar arasında xarici vətəndaşlar da az deyil.
Xüsusən xarici tələbələrin həm bank xidmətləri, həm də kibertəhlükəsizliklə
bağlı tez-tez sualları yaranır. Akademik heyətin bu mövzuda maarifləndirilməsi
tələbələrlə işin də daha effektiv qurulmasına dəstək olacaq.
Görüşdə Kapital Bank-ın İctimaiyyətlə əlaqələr prosesinin
sahibi Arzu Əliyeva çıxış edərək bildirib ki, bu təlimin əsas məqsədi
iştirakçıları kiberdələduzluq riskləri və dələduzlardan qorunma üsulları
haqqında məlumatlandırmaqdır.
Təlimdə Kapital Bank-ın Təhlükəsizlik departamentinin Fraud
halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin müdiri Nəsib
Süleymanov təqdimatla çıxış edib. O, son dövrlərdə artan kiberdələduzluq
halları, geniş yayılan fırıldaqçılıq üsulları, gündəlik rəqəmsal əməliyyatlar
zamanı diqqət edilməli olan vacib məqamlar və Kapital Bank tərəfindən həyata
keçirilən qabaqlayıcı təhlükəsizlik tədbirləri haqqında iştirakçıları
məlumatlandırıb.
İnteraktiv sual-cavab sessiyasında isə bank nümayəndələri
iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıblar.
Qeyd edək ki, maliyyə qurumlarının həyata keçirdiyi
təhlükəsizlik tədbirləri ilə yanaşı hər kəsin kiberdələduzluğa qarşı diqqətli
olması, şəxsi hesablarını qoruması və fərdi məlumatlarını, kartlarını digər
şəxslərlə paylaşmaması olduqca vacibdir. Kartın üzərindəki 16 rəqəmli PAN nömrə, kartın arxasında olan 3 rəqəmli CVV kod və mobil nömrəyə göndərilən 4
rəqəmli OTP şifrə yalnız kart
sahibinə məxsusdur və bu məlumatları heç
kimlə bölüşmək olmaz. Unutmayaq ki,
heç bir bank əməkdaşı müştəriyə sosial şəbəkə hesabından və ya xarici nömrədən
zəng edə bilməz. Kapital Bank adından
zəng edən şəxslərin isə bank əməkdaşı olub olmadığını yoxlamaq olduqca asandır.
Bunun üçün müştərilər zəng edən şəxsdən bank əməkdaşı olduğunu təsdiq edən
mesaj tələb edə bilərlər. O həqiqətən bank əməkdaşıdırsa vətəndaş Birbank mobil
tətbiqində bunu təsdiq edən bildiriş alır. Bildirişdə qeyd edilir: “Dəyərli Birbanklı, bank məhsulunu təklif
edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün
təşəkkür edirik”. Mobil tətbiqdə bildiriş alındığı təqdirdə zəng edən
şəxslə danışığı davam etdirmək olar, əks halda zəngi dərhal sonlandırmaq
lazımdır.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı və 52 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank
kartı sifarişi üçün – https://kbl.az/prcrc.