3 milyondan çox vətəndaşın məlumatlarını ələ keçirmək istəyiblər

12:12 - 28 Yanvar 2026

3 milyondan çox vətəndaşın məlumatlarını ələ keçirmək istəyiblər

28 yanvar dünyada Fərdi Məlumatların Mühafizəsi Günü kimi qeyd olunur. Məhz 1981-ci ilin bu günündə fərdi məlumatların mühafizəsi sahəsində ilk beynəlxalq konvensiya qəbul olunub. Azərbaycan isə bu konvensiyaya 2009-cu ildə qoşulub və 2010-cu ildə ölkəmizdə “Fərdi məlumatlar haqqında” Qanun qəbul edilib.


Rəqəmsal texnologiyaların sürətli inkişafı, emal edilən məlumatların həcminin artması və süni intellekt sistemlərinin tətbiqi fərdi məlumatların mühafizəsi sahəsində yeni risklər yaradır. Bu baxımdan fərdi məlumatların mühafizəsi hazırda yalnız hüquqi öhdəlik deyil, eyni zamanda rəqəmsal mühitdə etimadın və təhlükəsizliyin əsas şərti kimi çıxış edir.

Bu məqsədlə cari il ərzində rəqəmsal risklərin tənzimlənməsini, vətəndaşların hüquqlarının gücləndirilməsini, eləcə də fərdi məlumatları işləyən tərəflər üçün öhdəlik və məsuliyyətin artırılmasını nəzərdə tutan təkmil qanunvericiliyin qüvvəyə minməsi gözlənilir.

Ölkəmizdə fərdi məlumatların mühafizəsi sahəsində nəzarətin təmin edilməsi və vətəndaşların hüquqlarının qorunması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Bu çərçivədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti fərdi məlumatların mühafizəsi sahəsində səlahiyyətli orqan kimi ötən il ərzində həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində 3 milyondan çox vətəndaşa aid fərdi məlumatların mümkün sızma hallarının qarşısını alıb.

Eyni zamanda fərdi məlumatların mühafizəsi tələblərinə əməl etməyən 40-dan çox hüquqi şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb və onlar inzibati məsuliyyətə cəlb edilib.

Sosial şəbəkələrdə aparılan nəzarət tədbirləri çərçivəsində 3 000-dən çox vətəndaşa aid fərdi məlumatların qanunsuz yayılması halları ilə bağlı operativ tədbirlər görülüb və pozuntuların aradan qaldırılması təmin edilib.

Qurum tərəfindən fərdi məlumatların mühafizəsi sahəsində daxil olan şikayətlər qəbul edilir və araşdırılır. Vətəndaş müraciətlərinin daha operativ qəbulu və icra vəziyyəti barədə məlumatlandırılmanın təmin edilməsi məqsədilə bu il xüsusi elektron portalın istifadəyə verilməsi nəzərdə tutulur.

Yeni texnologiyaların yaratdığı risklər nəzərə alınaraq fərdi məlumatların mühafizəsi sahəsində öhdəliklərin izah edilməsi və məlumatlılığın artırılması məqsədilə dövlət qurumları, özəl sektor və vətəndaşlar üçün mütəmadi maarifləndirici tədbirlərin keçirilməsi davam etdiriləcək.

Bu il, həmçinin ölkə üzrə fərdi məlumatların işlənildiyi informasiya sistemlərinin uçotunun aparılması, şəffaflığın və nəzarətin artırılması məqsədilə fərdi məlumatların informasiya sistemlərinin mərkəzləşdirilmiş vahid bazasının formalaşdırılması nəzərdə tutulur.

Ümumilikdə həyata keçirilən tədbirlər fərdi məlumatların mühafizəsi sahəsində institusional potensialın gücləndirilməsinə, vətəndaşların hüquqlarının etibarlı şəkildə qorunmasına, eləcə də rəqəmsal mühitdə təhlükəsizliyin və etimadın artırılmasına xidmət göstərir. Vətəndaşları bu prosesdə fəal iştiraka, fərdi məlumatlarını məsuliyyətlə paylaşmağa və pozuntu halları ilə bağlı quruma müraciət etməyə çağırırıq. Fərdi məlumatları toplayan və işləyən tərəfləri isə qanunvericiliklə müəyyənləşdirilən öhdəliklərə ciddi əməl etməyə dəvət edirik.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az