Tanınmış jurnalist İlkin Mustafayev “Məlhəm” hospitaldan şikayətçidir.
Manset.az-ın məlumatına görə, o bildirib ki, bacısının ilik analizi Türkiyədə təhsil almış və orada çalışan, ayda bir-iki gün ölkəyə gələrək burada xidmət göstərən həkim tərəfindən götürülüb. Həkim analiz üçün ilik nümunəsi götürdükdən sonra onun bir hissəsini cam yayma müayinəsi üçün şüşələrin üzərinə yerləşdirib. Jurnalist iddia edib ki, hospitalın təcili yardım şöbəsində həmin şüşələr “qanlı olduğu” əsas gətirilərək yuyulub. Onun sözlərinə görə, nəticədə analiz materialı yararsız hala düşüb və bacısından ikinci dəfə ilik nümunəsi götürülüb:
"Rəzilliyi düşünə bilirsinizmi? Adamlar yoxlama materialını qanmazcasına yuyublar. Nəticədə nə oldu? Təkrar yenidən bacımın belini deşib məcburən ikinci dəfə analiz götürdülər. Və təkcə iliyin götürülüb bizə verilməsi üçün bizdən 697 manat pul aldılar. Kassa çekini isə bir neçə saatdan sonra, mən dirənəndən sonra watsapp nömrəmə göndərdilər.
Budur bütün gün təriflənən "Məlhəm" hospital. Ağzının danışığını bilməyən bir türk qız da gəlib ki, sizdən ikinci dəfə analiz götürmək üçün pul almayacağıq. Adamların səviyyəsinə, xəstəxana çalışanlarının savadına baxın da. Anası ölən səhiyyəmiz lay-lay…".