Qırmızı Ürəklər Fondu 21 Mart – Beynəlxalq Daun Sindromlu Şəxslər Günü münasibətilə “Hər şey mümkündür” layihəsi çərçivəsində xüsusi təşəbbüs həyata keçirib.
Layihə çərçivəsində “Kaşalata” kafedə daun sindromlu
şəxslərin və tanınmış blogerlərin iştirakı ilə keramika üzərində rəsm sənəti
üzrə master-klass təşkil olunub.
Tədbir Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladovun
açılış nitqi ilə başlayıb. O, çıxışında inklüziv cəmiyyətin qurulmasının
vacibliyini vurğulayaraq bildirib ki, fondun əsas məqsədlərindən biri də
cəmiyyətdə inklüziv mühitin formalaşmasına töhfə verməkdir. O, həmçinin
bildirib ki, fərqliliklər insanları ayıran deyil, əksinə, cəmiyyəti daha zəngin
və daha güclü edən dəyərlərdir.
Daha sonra iştirakçılar keramika üzərində rəsm işləmə
bacarıqlarını sınayaraq özlərini ifadə etmək imkanı qazanıblar. Tədbirdə Fatma
Kazımova, Fidan Nur, Aysel Nəsirova, Günay Cavadzadə, Tünzalə Şalbuzova, Səbinə
Rüstəmli kimi blogerlər də könüllü iştiark edərək, inklüzivliyin təşviqi,
fərqliliklərə həssas yanaşma və daun sindromlu şəxslərin potensialının daha
geniş auditoriyaya çatdırılmasına dəstək olublar. Qeyd edək ki, iştirakçılar
tərəfindən hazırlanan əl işləri 21 mart tarixində sözügedən blogerlərin sosial
media hesablarında paylaşılacaq. İzləyicilər arasında ən yüksək ianəni təqdim
edən şəxs həmin əl işlərinə sahib olacaq.
Qeyd edək ki, “Hər şey mümkündür” layihəsi 5 il əvvəl
Qırmızı Ürəklər Fondu və Kapital Bankın birgə təşəbbüsü ilə Birbank mobil
tətbiqi üzərindən həyata keçirilən ianə aksiyası zamanı toplanmış vəsaitlər
hesabına reallaşdırılıb. Layihə çərçivəsində daun sindromlu şəxslərin
bacarıqlarının inkişafına yönəlmiş müxtəlif təşəbbüslər həyata keçirilir.
Layihənin əsas məqsədi daun sindromlu şəxslərin yaradıcılıq
bacarıqlarının inkişafına dəstək olmaq, onların cəmiyyətə inteqrasiyasını
təşviq etmək, sosial və psixoloji inkişaflarına töhfə vermək və onların
ailələrinə dəstək göstərməkdir.
“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital
Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə
başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik
mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji
tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas
və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali
məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.
Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək
sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına
daxil ola bilərsiniz.