Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məktəblilərin kibertəhlükəsizlik sahəsində biliklərinin artırılması, onların kibergigiyena qaydaları və onlayn mühitdə təhlükəsiz davranış prinsipləri barədə maarifləndirilməsini davam etdirir.
Manset.az xəbər verir ki, təkcə cari ilin mart ayı ərzində “Ankara Məktəbi” məktəb-lisey, 263 və 164 nömrəli tam orta məktəblər, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyi, eləcə də Dünya Məktəbində təşkil olunan maarifləndirmə tədbirlərində 300-ə yaxın şagird iştirak edib.
Elm və Təhsil Nazirliyi, həmçinin Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən görüşlərdə
ETX əməkdaşları “Kiberbullinqlə mübarizə”, “Uşaqlar üçün kibertəhlükəsizlik
qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi” və “Sosial
mediadan təhlükəsiz istifadə” mövzularında təqdimatlarla çıxış ediblər. Tədbirlərdə
şagirdlərə real nümunələr əsasında kibertəhlükələrdən qorunma üsulları izah
olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bu cür maarifləndirmə tədbirləri
məktəblilərin rəqəmsal savadlılığının artırılması və təhlükəsiz internet
mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan ETX
tərəfindən belə tədbirlərin növbəti dövrlərdə də davam etdirilməsi nəzərdə
tutulur.