Aprelin 7-də Azərbaycan Dillər Universitetində tanınmış alim, Azərbaycanın ictimai-mədəni həyatında özünəməxsus yeri olan, zəngin mənəvi irsi və çoxşaxəli fəaliyyəti ilə seçilən görkəmli ziyalı Revekka Yuliyevna Barsukun 110 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib.
Manset.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Həmidə Əliyeva tədbirin əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, Revekka Yuliyevna Barsuk öz dövrünün maarifçi və təşəbbüskar simalarından biri kimi cəmiyyətin inkişafına mühüm töhfələr vermiş, təhsil və mədəniyyət sahəsində səmərəli fəaliyyəti ilə seçilmişdir. Onun zəhməti, fədakarlığı və yüksək mənəvi keyfiyyətləri bu gün də dərin ehtiramla xatırlanır.
Dəyərli alim, tərcüməçi, Azərbaycan Xarici Dillər İnstitutunun professoru Revekka Yuliyevna Barsukun həyat və yaradıcılığını əks elətdirən videoçarx izlənilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, görkəmli alim, tərcüməçi Revekka Barsuk haqqında ürək sözlərini bölüşüb. Bildirilib ki, görkəmli ziyalı Revekka Yuliyevna Barsukun anadan olmasının 110 illiyi münasibətilə keçirilən xatirə tədbiri onun həyat və yaradıcılığına bir daha nəzər salmaq, gələcək nəsillərə örnək olan fəaliyyətini tədqiq etmək baxımından xüsusi əhəmiyyət kəsb edir.
Rektor çıxışında Revekka Barsukun elmi və pedaqoji fəaliyyətinin Azərbaycan elm və təhsil tarixində xüsusi yer tutduğunu vurğulayaraq, onun zəngin yaradıcılıq irsinin bu gün də öz aktuallığını qoruduğunu qeyd edib.
Akademik Kamal Abdulla xanım Barsukun tərcümə sahəsindəki xidmətlərini yüksək qiymətləndirərək, onun müxtəlif dillər və mədəniyyətlər arasında körpü rolunu oynadığını diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov tanınmış ziyalı Revekka Barsukun həyat və yaradıcılığı haqqında danışıb. Nazir müavini qeyd edib ki, Revekka Barsukun zəngin irsi bu gün də tədqiqatçılar və gənc nəsil üçün dəyərli mənbə olaraq qalır, milli-mənəvi dəyərlərin təbliğinə töhfə verir.
Sabiq mədəniyyət naziri, ADU-nun məzunu Əbülfəs Qarayev çıxış edərək Revekka Barsukun həyat və elmi fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. O, Barsukun zəngin elmi irsindən, pedaqoji fəaliyyətindən və tələbələrinə göstərdiyi xüsusi qayğıdan bəhs edərək, onun Azərbaycan elmi və təhsil mühitində silinməz iz qoyduğunu vurğulayıb.
Əbülfəs Qarayev öz müəlliminə olan dərin sevgi və hörmətini ifadə edərək bildirib ki, Revekka Barsukun xatirəsi onun üçün hər zaman əzizdir və daim ehtiramla yad olunur.
Daha sonra çıxış edənlər - filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rafiq Salahov, pedaqogika elmləri doktoru, professor Akif Abbasov, pedaqogika elmləri doktoru, professor Dilarə İsmayılova, professor Adil Babayev, Lalə Alahverdiyeva, professor Fərman Zeynalov, dosent Misgər Məmmədov, professor Məsmə Qazıyeva Revekka Yuliyevna Barsukla bağlı xatirələrini bölüşüblər.
Çıxışçılar xanım Barsukun yüksək insani keyfiyyətlərindən, zəngin elmi irsindən və pedaqoji fəaliyyətindən bəhs edərək, onun tələbələrinə və həmkarlarına daim qayğı ilə yanaşdığını, elmi mühitdə xüsusi hörmət qazandığını vurğulayıblar.
Qeyd olunub ki, xanım Barsukun elmi fəaliyyəti yalnız öz dövrü ilə məhdudlaşmır, bu gün də öz aktuallığını qoruyur və gələcək nəsillər üçün dəyərli örnəkdir.
Tanınmış beynəlxalq jurnalist, tərcüməçi, Revekka Yuliyevna Barsukun oğlu Mixail Qusman tədbiri təşkil edən ADU rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Mixail Qusman anasının xatirəsinə göstərilən diqqət və ehtiramın ailəsi üçün böyük mənəvi dəyər daşıdığını vurğulayaraq, bu cür tədbirlərin görkəmli ziyalıların irsinin yaşadılmasında mühüm rol oynadığını qeyd edib.
Mixail Qusman çıxışında həmçinin bildirib ki, Revekka Barsukun həyatı və fəaliyyəti yalnız bir ailənin deyil, bütövlükdə cəmiyyətin yaddaşında dərin iz buraxıb. O qeyd edib ki, Barsukun elmi və mənəvi irsi bu gün də yaşayır, onun yetişdirdiyi tələbələr və davamçıları tərəfindən yaşadılır və inkişaf etdirilir.
Mixail Qusman anasının Azərbaycanla bağlı xatirələrinin hər zaman xüsusi yer tutduğunu vurğulayaraq, onun bu ölkəyə olan sevgi və bağlılığının ailə dəyərlərində də yaşadığını diqqətə çatdırıb. O, belə tədbirlərin xalqlar arasında dostluq və mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə verdiyini qeyd edib.
Tədbir müzakirələrlə davam edib.