Ombudsman Aparatında Qazaxıstanın bir qrup dövlət
qulluqçusu, Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
magistrantları üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası tərəfindən təşkil olunan təlim-təcrübə proqramının iştirakçıları ilə
görüş keçirilib.
Manset.az xəbər verir ki, görüşdə Ombudsman Aparatının şöbə müdirləri
Aynur Həmidova və Lamiyə Zeynalova, sektor müdirləri Raidə Əmirbəyova və Aytən
Tarverdiyeva Azərbaycan Ombudsmanının insan hüquq və azadlıqlarının müdafiəsi
istiqamətində fəaliyyəti barədə qonaqlara ətraflı məlumat veriblər.
İştirakçılar Müvəkkilin Milli Preventiv
Mexanizm mandatı, əlilliyi olan şəxslərin və uşaqların hüquqlarının müdafiəsi, informasiya
əldə etmək hüququnun təmini istiqamətində görülən işlər, bərabərlik hüququnun təmin
edilməsi və ayrı-seçkiliyin qarşısının alınması istiqamətlərində həyata
keçirdiyi müstəqil monitorinq mexanizminin funksiyaları barədə məlumatlandırılıb.
Daha sonra Ombudsman Aparatı tərəfindən informasiya əldə etmək hüququnun təmini ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub, eləcə də iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb