Balakən rayonunda qazi atasına qarşı dələduzluq hadisəsi qeydə alınıb.
Manset.az Lent.az-a istinadla xəbər verir ki, MMC direktoru olan 39 yaşlı qadın qazi olan gənci işə düzəltmək adı ilə onun atasından külli miqdarda pul alaraq vədini yerinə yetirməyib.
İttiham aktına görə, təqsirləndirilən şəxs Səlimə Bağırova (ad və soyad şərtidir) zərərçəkən Firdovsiyə (şərti ad) söz verib ki, qazi olan oğlunu 3 000 manat qarşığında Qullar kənd 3 saylı məktəbdə gözətçi vəzifəsinə düzəldəcək. Sonradan o, Firdovsidən 500 manat da alıb. Lakin qadın biznesmen verdiyi sözü yerinə yetirə bilməyib və pulu qaytarmayıb.
Zərərçəkənin müraciəti əsasında Səlimə Bağırova saxlanılıb və barəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Firodovsinin oğlunu işə düzəltməyi zərərçəkənin həmkəndlisi olan şəhid atası ondan xahiş edib. Belə ki, Səlimə və şəhid atası bir ictimai birliyin üzvü olduqları üçün bir-birini tanıyıblar. Səlimə Bağırova zərərçəkəndən aldığı 3 500 manatı tam ödədiyini və azyaşlı övladlarının olduğunu deyərək, barəsində amnistiya aktının tətbiq olunmasını istəyib.
Zərərçəkən şəxs bildirib ki, Qullar kənd 3 saylı məktəbinin gözətçisi mart ayında pensiya çıxmalı idi. Buna görə də 3-cü qrup əlil olan qazi oğlunu həmin işə düzəltmək istəyib. Bunun üçün həmkəndlisi olan şəhid atasının vasitəsilə Səlimə Bağırova ilə tanış olub və onun bank kartına 3 500 manat pul göndərib. Lakin mart ayı gələndə məktəbdə gözətçi işinə başqa adamın çıxdığını görüb. Bunu Səliməyə deyəndə, qadın bəhanə gətirərək həmin şəxsin gözətçi yeri boş qalmasın deyə müvəqqəti işə çıxarıldığını bildirib. Amma sonradan təqsirləndirilən şəxs nə pulu qaytarıb, nə də ki, zərərçəkənin oğlunu işə düzəldib.
İstintaq zamanı isə qadın zərərçəkəndən dələduzluq yolu ilə aldığı 3 500 manatı geri qaytarıb.
Məhkəmənin qərarı ilə Səlimə Bağırova barəsində amnistiya aktı tətbiq olunub və o, cinayət məsuliyyətindən azad edilib.