AZCON Holding
şirkətlərindən
olan Azərbaycan Hava Yolları (AZAL) donanmasını növbəti “Airbus A320neo” tipli
müasir təyyarə ilə gücləndirib. Yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə
daha komfortlu səyahət imkanlarının təqdim olunmasına xidmət edir.
Manset.az AZAL-a istinadən xəbər verir ki, “Airbus A320neo” 6300 km-dək uçuş məsafəsinə malik olmaqla yanaşı, yeni nəsil mühərrikləri sayəsində yüksək yanacaq səmərəliliyi ilə seçilir. Bu modeldə hər oturacaq üzrə yanacaq sərfiyyatı və karbon emissiyaları təxminən 20% azaldılıb. Çevik və funksional “Airspace” kabini isə daha geniş şəxsi məkan, rahat oturacaqlar və böyüdülmüş əl yükü bölmələri (“XL bins”) sayəsində sərnişinlər üçün daha yüksəksəviyyəli uçuş təcrübəsi yaradır. Bununla yanaşı, təyyarə əyləncə sistemi, biznes sinfində quraşdırılmış fərdi monitorlar və sürətli “Wi-Fi” xidməti ilə təchiz olunub. Biznes sinfi sərnişinləri və “AZAL Miles” proqramının müəyyən statuslu üzvləri “Wi-Fi” xidmətindən ödənişsiz yararlana biləcəklər.
AZAL-ın
uzunmüddətli inkişaf strategiyasında donanmanın mərhələli şəkildə müasirləşdirilməsi
və marşrut şəbəkəsinin genişləndirilməsi prioritet istiqamətlərdəndir. Bu çərçivədə
yeni təyyarənin donanmaya daxil edilməsi əməliyyat xərclərinin
optimallaşdırılması, ətraf mühitə təsirin azaldılması, xidmət keyfiyyətinin
yüksəldilməsi və yeni istiqamətlər üzrə uçuş imkanlarının genişləndirilməsi
baxımından xüsusi əhəmiyyət daşıyır.
Sərnişin təcrübəsinin
davamlı təkmilləşdirilməsini əsas prioritet kimi müəyyən edən AZAL-ın
donanmasında hazırda 25 təyyarə mövcuddur və 2032-ci ilədək bu sayın 50 təyyarəyə
çatması gözlənilir. Bu strategiya çərçivəsində, AZAL cari ilin sonunadək
donanmasını 8 hava gəmisi ilə genişləndirməyi planlaşdırır ki, bu da aviaşirkətə
icarə (wet lease) əsasında cəlb olunan hava gəmilərindən tam imtina edərək
uçuşları öz donanması hesabına həyata keçirməyə imkan verəcək.
Bu yanaşma ölkənin
regional tranzit mərkəzi kimi mövqeyinin daha da möhkəmləndirilməsinə, həmçinin
AZAL-ın ən müasir və enerji baxımından səmərəli təyyarə parklarına malik
qabaqcıl aviaşirkətlər sırasında yer almasına xidmət edir.
Təyyarənin qarşılanma mərasimi ilə bağlı videonu linkə keçid edərək izləyə bilərsiniz: