"Bu il daha çox təhlil tələb edən suallar salmışıq".
Manset.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Asan TV”ə müsahibəsində bildirib. Dİm sədri qeyd edib ki, buraxılış imtahanından gözlənilən nəticələr verilib. Ötən illə müqayisədə ciddi fərqlər yoxdur:
“Bu nəticələr keçən ilki nəticələrlə kəskin fərqlənmir. Proqramdan kənar heç bir sual hazırlamamışıq”.
M. Abbaszadə qeyd edib ki, buraxılış imtahanında yalnız əzbərçilik tələb edən suallar salınmır:
“Biz təkcə bilik dəyərləndirmirik, eyni zamanda şagirdlərin koqnitiv bacarıqlarını da müəyyən edirik. Buna isə şagirdlər o qədər də hazır deyildilər. İmtahana hazırlaşarkən şagirdlər əzbərçiliklə məşğul idilər və ola bilsin ki, onlar indiyədək təhlil, müstəqil fikir söyləmək bacarıqlarını inkişaf etdirməyiblər. Buna görə də bu suallar onlara daha çətin gəlirdi. Lakin mən özüm də o suallara baxdım, tamamilə sadə suallardır və ilkin anlayışı olan hər bir şəxs bu suallara düşünüb cavab verə bilər”.