Türkiyə-Azərbaycan Universitetinə infotur təşkil edildi - FOTOLAR

18:51 - 06 May 2026

Türkiyə-Azərbaycan Universitetinə infotur təşkil edildi - FOTOLAR

Mayın 6-da iki qardaş ölkənin ortaq akademik platforması olan Türkiyə-Azərbaycan Universitetinə (TAU) infotur təşkil edilib. İnfoturda nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil mütəxəssisləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 

Manset.az xəbər verir ki, infotur çərçivəsində əvvəlcə TAU-nun Tədris şöbəsinin müdiri Günel Teymurova universitet haqqında təqdimatla çıxış edib. O bildirib ki, TAU-da təhsil dövlət hesabınadır. Azərbaycan tərəfi universiteti torpaq, bina, laboratoriya və avadanlıqla təmin edir, Türkiyə tərəfi isə tədrisin keyfiyyəti, proqramların təşkili və 8 semestrlik tədris planının icrası ilə məşğul olur.

Günel Teymurova qeyd edib ki, hazırda TAU-da ümumilikdə 174 tələbə təhsil alır. Cari tədris ili üzrə qəbul olunanların sayı 92, ötən il qəbul olunanların sayı isə 82 nəfərdir. O əlavə edib ki, ən yüksək ortalama bala malik tələbələrdən 5-i artıq işlə təmin olunub. 

İnfotur iştirakçılarının diqqətinə çatdırılıb ki, məzunlara həm Türkiyənin, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınan diplomları təqdim edilir.  

Rəsmi hissədən sonra infotur iştirakçıları universitetin qida texnologiyası, instrumental analiz, qida kimyası, mikrobiologiya, fizika və kompüter laboratoriyalarında yaradılmış şəraitlə tanış olublar, tədris prosesini izləyiblər.  

TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri Ümran Uyqun infotur iştirakçılarının suallarına cavab olaraq bildirib ki, “çətir universiteti” modeli əsasında fəaliyyət göstərən TAU Türkiyənin üç aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Tədris kompüter mühəndisliyi üzrə Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi üzrə İstanbul Texniki Universitetinin (İTÜ), qida mühəndisliyi üzrə isə Hacettepe Universitetinin proqramlarına uyğun aparılır. Universitetin Azərbaycan tərəfdən tərəfdaşı Azərbaycan Texniki Universitetidir (AzTU). 

Ümran Uyqun vurğulayıb ki, əsas məqsəd əmək bazarının tələblərinə cavab verən ixtisaslı mühəndislər hazırlamaqdır. Bu məqsədlə hər ixtisasa uyğun laboratoriyalar qurulub və tələbələrin praktiki bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir. 

TAU-nun Kompüter mühəndisliyi proqramının rəhbəri Ahmet Coşar ODTÜ ilə birgə həyata keçirilən proqram barədə məlumat verərək bildirib ki, hazırda bu proqram üzrə 86 tələbə təhsil alır. Onlardan 48-i ingiliscə hazırlıq qruplarında, 32-si I kursda, 6-sı isə II kursdadır. O qeyd edib ki, tədris proqramı Qərbi Avropa və Şimali Amerikanın aparıcı universitetlərinin proqramları ilə eynidir və dərslər yüksək səviyyəli ingilis dilində keçirilir. Məzunların müasir veb və mobil texnologiyalar, süni intellekt, data elmləri və kompüter sistemləri sahəsində fəaliyyət göstərə biləcəyi vurğulanıb. 

TAU-nun İngilis dili proqramının rəhbəri Mutlu Çalışkan media nümayəndələrinə açıqlamasında bildirib ki, universitetdə tədris ingilis dilində aparılır. Tələbələrin akademik ingilis dili bacarıqları ODTÜ mütəxəssisləri tərəfindən inkişaf etdirilir. Onun sözlərinə görə, azərbaycanlı tələbələr xüsusilə danışıq bacarıqları üzrə yüksək nəticələr göstərirlər.

 İnfotur çərçivəsində iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.  

Qeyd edək ki, cari tədris ili üzrə TAU-nun kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 674.3, sənaye mühəndisliyində 654.4, qida mühəndisliyində isə 553.6 olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az