Xəbər verdiyimiz kimi, sabah Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədr seçiləcək.
Bu gün “Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin üzvləri və bir sıra tanınmış kino xadimləri bəyanat yayaraq, sabah keçirilməsi nəzərdə tutulan növbədənkənar Ümumi Yığıncağın qeyri-legitim və qanunsuz olduğunu bildiriblər. Onlar yığıncağın təxirə salınmasını, qanunvericiliyə və İttifaqın nizamnaməsinə uyğun şəkildə yenidən çağırılmasını tələb ediblər.
Ümumi Yığıncağa dəvət olunanlar arasında görkəmli Xalq artisti Tariyel Qasımov da var. O, Manset.az-a açıqlamasında sabah keçiriləcək toplantıda qəti şəkildə iştirak etməyəcəyini bildirib:
“Qətiyyən iştirak etməyəcəyəm. Fəaliyyətim dövründə Azərbaycan Kinematoqrafçılar İttifaqı məni bir dəfə də olsun, yada salmayıb. Ümumiyyətlə, AKİ İctimai Birliyinin üzvlüyündən çoxdan çıxmışam. Məni Şeyx Əbdülün yubileyi adı altında seçkiyə dəvət ediblər”.