Kredit portfeli yarıbayarı kiçildi - Mənfəət kəskin azaldı 

17:50 - 30 May 2026

Kredit portfeli yarıbayarı kiçildi - Mənfəət kəskin azaldı 

Maliyyə hesabatına əsasən, BOKT-un faiz gəlirləri artsa da, inzibati xərclərin və borc satışından yaranan zərərin kəskin yüksəlməsi yekun mənfəətin azalmasına səbəb olub. 


Mənbə: “SF Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı MMC-nin 2025-ci ilin dekabr ayına başa çatan il üzrə maliyyə hesabatları

Faiz gəliri 99,5 milyon manata çatıb

2025-ci ildə “SF Azerbaijan”ın faiz gəliri 99 milyon 544 min manat təşkil edib. Bu göstərici 2024-cü ildə 93 milyon 712 min manat olmuşdu. Beləliklə, şirkətin faiz gəliri illik müqayisədə 5 milyon 832 min manat və ya 6,2% artıb.

Faiz xərcləri isə əksinə, kəskin azalıb. 2024-cü ildə 2 milyon 910 min manat olan faiz xərci 2025-ci ildə 771 min manata düşüb. Bu, 2 milyon 139 min manat və ya 73,5% azalma deməkdir.

Nəticədə, gözlənilən kredit zərərindən əvvəl xalis faiz gəliri 90 milyon 802 min manatdan 98 milyon 773 min manata yüksəlib. Artım 7 milyon 970 min manat və ya 8,8% təşkil edib.

Xalis faiz gəliri 62% artıb

Hesabat ilində müştərilərə verilən kreditlər üzrə gözlənilən kredit zərərlərində dəyişmə şirkətin nəticələrinə müsbət təsir edib. 2024-cü ildə bu maddə üzrə 22 milyon 72 min manat mənfi göstərici qeydə alındığı halda, 2025-ci ildə 12 milyon 529 min manat müsbət nəticə yaranıb. Fərq 34 milyon 601 min manat təşkil edib.

Bunun nəticəsində BOKT-un xalis faiz gəliri 2024-cü ildəki 68 milyon 731 min manatdan 2025-ci ildə 111 milyon 302 min manata yüksəlib. Artım 42 milyon 571 min manat və ya 61,9% olub.

Bu göstərici şirkətin əsas əməliyyat gəlirlərinin gücləndiyini göstərir. Lakin sonrakı xərc maddələri mənfəətin əhəmiyyətli hissəsini “udub”.

İnzibati xərclər 2,5 dəfə artıb

2025-ci ildə “SF Azerbaijan”ın inzibati xərcləri 45 milyon 6 min manat təşkil edib. 2024-cü ildə bu göstərici 18 milyon 166 min manat idi. Beləliklə, inzibati xərclər 26 milyon 840 min manat və ya 147,7% artıb.

Bu, şirkətin mənfəətliliyinə ən ciddi təzyiq göstərən əsas amillərdən biri olub. Müqayisə üçün, 2024-cü ildə inzibati xərclər faiz gəlirlərinin təxminən 19,4%-nə bərabər idisə, 2025-ci ildə bu nisbət 45,2%-ə yüksəlib.

Borc satışından zərər 44,8 milyon manata yüksəlib

Hesabatda diqqət çəkən əsas məqamlardan biri də borc satışından yaranan xalis zərərin kəskin artmasıdır.

2024-cü ildə bu maddə üzrə zərər 2 milyon 637 min manat olduğu halda, 2025-ci ildə göstərici 44 milyon 812 min manata yüksəlib. Artım 42 milyon 175 min manat və ya təxminən 16 dəfə təşkil edib.

Bu zərər şirkətin güclü xalis faiz gəliri formalaşdırmasına baxmayaraq, yekun mənfəətin azalmasında əsas rol oynayıb.

Vergidən əvvəl mənfəət 58% azalıb

“SF Azerbaijan”ın mənfəət vergisindən əvvəl mənfəəti 2025-ci ildə 19 milyon 750 min manat olub. 2024-cü ildə bu göstərici 47 milyon 191 min manat təşkil etmişdi.

Beləliklə, vergidən əvvəl mənfəət 27 milyon 441 min manat və ya 58,1% azalıb.

Gəlir vergisi xərci də azalıb. 2024-cü ildə 9 milyon 451 min manat olan vergi xərci 2025-ci ildə 3 milyon 996 min manat təşkil edib. Azalma 5 milyon 455 min manat və ya 57,7% olub.

Nəticədə, xalis mənfəət 37 milyon 740 min manatdan 15 milyon 754 min manata düşüb.

Aktivlər 41% azalıb

2025-ci ilin sonuna “SF Azerbaijan”ın ümumi aktivləri 48 milyon 507 min manat təşkil edib. 2024-cü ilin sonunda bu göstərici 81 milyon 624 min manat idi.

Beləliklə, şirkətin aktivləri il ərzində 33 milyon 116 min manat və ya 40,6% azalıb.

Aktivlərin azalmasında əsas səbəb müştərilərə verilən kreditlərin və nağd pul-bank qalıqlarının azalması olub.

Kredit portfeli yarıbayarı kiçilib

BOKT-un müştərilərə verilən xalis kreditləri 2025-ci ilin sonunda 28 milyon 593 min manat təşkil edib. 2024-cü ilin sonunda bu göstərici 57 milyon 837 min manat idi.

Bu isə kredit portfelinin 29 milyon 244 min manat və ya 50,6% azalması deməkdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az