Stanford Universitetinin alimləri insan orqanizmində qocalmanın tədricən deyil, iki kritik yaş mərhələsində sürətləndiyini müəyyən ediblər. Tədqiqata görə, ilk böyük dəyişikliklər təxminən 44, ikinci dalğa isə 60 yaş ətrafında baş verir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, araşdırma çərçivəsində 25-70 yaş arası 108 nəfər uzun müddət izlənilib və onların bioloji nümunələrində 135 mindən çox molekulyar göstərici təhlil edilib. Nəticələr göstərib ki, yaşlanma ilə əlaqəli dəyişikliklər və xəstəlik riskləri zamanla yavaş-yavaş deyil, bu yaş dövrlərindən sonra kəskin şəkildə artır.
Mütəxəssislərin sözlərinə görə, 44 yaşda lipid, kofein və spirt mübadiləsi, eləcə də dəri və əzələ toxumalarında ciddi dəyişikliklər müşahidə olunur. Təxminən 60 yaşda isə karbohidrat mübadiləsi, immun sistem və böyrək funksiyalarında əhəmiyyətli dəyişikliklər baş verir.
Alimlər hesab edirlər ki, bu nəticələr yaşlanma ilə bağlı xəstəliklərin qarşısının alınması və yeni müalicə üsullarının hazırlanmasına töhfə verə bilər.