Naxçıvan televiziyasının sabiq sədri, jurnalist Sahil Tahirli yeni vəzifəyə təyin edilib.
Manset.az Anz.az-a istinadən xəbər verir ki, Sahil Tahirli "Space" televiziyasında Xəbərlər departamentinin rəhbəri təyin olunub.
Xatırladaq ki, S.Tahirli bu təyinatdan əvvəl Hədəf Şirkətlər Qrupunda media və ictimaiyyətlə əlaqələr üzrə müşavir vəzifəsində fəaliyyət göstərib. O, 13 il Naxçıvan televiziyasına rəhbərlik edib, Naxçıvan Ali Məclisində Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Naxçıvan Televiziya və Radio Şurasının sədri vəzifələrində çalışıb.
O, medianın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Qeyd edək ki, ötən ay Ayaz Mustafayev "Space" televiziyasına yeni baş direktor təyin edilib. Yeni rəhbərliyin formalaşdırılması ilə paralel olaraq kanalda idarəetmənin təkmilləşdirilməsi və fəaliyyətin müasir media çağırışlarına uyğunlaşdırılması istiqamətində islahatlar davam etdirilir.