2020-ci il noyabrın 8-də Azərbaycan xalqı tarixinin ən şanlı səhifələrindən birini yazdı. Müzəffər Ordumuzun qəhrəman əsgər və zabitləri misilsiz igidlik göstərərək strateji və mənəvi baxımdan müstəsna əhəmiyyət daşıyan Şuşa şəhərini işğaldan azad etdilər. Mürəkkəb relyef şəraitində, sıldırım qayalardan və dərin dərələrdən keçərək həyata keçirilən bu hərbi əməliyyat Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən birinə çevrildi. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin həlledici mərhələsi və onun zirvəsi oldu. Bu qələbə, eyni zamanda, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü iqtisadiyyatın, müasir ordunun və xalqın milli birliyinin məntiqi nəticəsi idi.
Şuşanın
azad edilməsi Prezident İlham Əliyevin müharibənin ilk günlərindən
müəyyənləşdirdiyi strateji məqsədin reallaşması idi. Dövlət başçısı dəfələrlə
Şuşasız qələbənin tam olmayacağını bəyan etmişdi. Noyabrın 8-də bu hədəfə nail
olunması Azərbaycan xalqının milli iradəsinin və ordumuzun döyüş qüdrətinin
təntənəsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün Şəhidlər
xiyabanından xalqa müraciət edərək Şuşanın azad edildiyini böyük qürur hissi
ilə bəyan etdi. Dövlət başçısının “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz
qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri xalqımızın yaddaşına
əbədi həkk olundu.
Şuşanın
azad edilməsi ilə əldə olunan tarixi nəticə 2023-cü ilin sentyabrında
Azərbaycanın bütün ərazilərində suverenliyinin tam bərpası ilə yeni mərhələyə
qədəm qoydu. Sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində
Qarabağda separatçı rejimin mövcudluğuna son qoyuldu. 2020-ci ildə başlanan
Zəfər prosesi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin
edilməsi ilə başa çatdı.
Prezident
İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 8 Noyabr – Şuşa şəhəri
Gününün təsis edilməsi bu tarixi hadisənin milli yaddaşda yaşadılması
baxımından mühüm əhəmiyyət daşıyır. Şuşa Azərbaycan xalqının tarixində yalnız
coğrafi məkan deyil, milli kimliyimizin, mənəvi dəyərlərimizin və zəngin mədəni
irsimizin ayrılmaz hissəsidir. Əsrlər boyu Azərbaycanın musiqi, ədəbiyyat və
incəsənət beşiyi kimi tanınan bu şəhər görkəmli dövlət və mədəniyyət
xadimlərinin yetişdiyi mühüm mərkəz olub.
Ulu
Öndər Heydər Əliyevin 1977-ci ildə Şuşanın tarixi hissəsinin tarix-memarlıq
qoruğu elan olunması ilə bağlı qərarı şəhərin milli-mədəni irsinin qorunmasına
dövlət səviyyəsində göstərilən diqqətin mühüm nümunəsi idi. Bu siyasətin davamı
olaraq Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa
Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Həmin il mayın 31-də qəbul edilən
“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun isə şəhərin
qorunması, bərpası, öyrənilməsi və inkişafının hüquqi əsaslarını
müəyyənləşdirdi. 2022-ci ilin “Şuşa İli” elan olunması bu istiqamətdə həyata
keçirilən tədbirlərə əlavə təkan verdi. Şuşanın
beynəlxalq mədəni nüfuzunun yüksəlməsi də azadlıqdan sonrakı dövrün mühüm
nəticələrindəndir. 2022-ci ildə TÜRKSOY tərəfindən 2023-cü il üçün Türk
dünyasının mədəniyyət paytaxtı, 2023-cü ildə İslam dünyası Mədəniyyət
Nazirlərinin 12-ci Konfransında 2024-cü il üçün İslam dünyasının mədəniyyət
paytaxtı, həmin ilin oktyabrında isə İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən
2026-cı il üçün turizm paytaxtı elan edilməsi Şuşanın beynəlxalq miqyasda artan
əhəmiyyətini göstərir. 2024-cü ildə Türk Dövlətləri Təşkilatının Şuşada
keçirilən qeyri-rəsmi Zirvə görüşü və imzalanan Qarabağ Bəyannaməsi də şəhərin
siyasi və diplomatik tədbirlər üçün əhəmiyyətli məkana çevrildiyini nümayiş
etdirir.
Şuşanın
azad edilməsindən sonra həyata keçirilən bərpa-quruculuq işləri şəhərin tarixi
simasının qorunması ilə müasir inkişaf tələblərinin uzlaşdırılmasına əsaslanır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə nəqliyyat, enerji, sosial və
kommunal infrastrukturun qurulması istiqamətində ardıcıl layihələr
reallaşdırılır. Şuşaya aparan 101 kilometrlik Zəfər Yolunun inşası bu baxımdan
xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, tarixi abidələrin bərpasına, mədəni
irsin qorunmasına və yaşayış məhəllələrinin yenidən qurulmasına xüsusi diqqət
yetirilir. İşğal dövründə dağıdılmış və zədələnmiş tarixi-mədəni abidələrin bərpası,
Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın güllələnmiş büstlərinin
əvvəlki yerlərinə qaytarılması milli yaddaşın bərpası baxımından rəmzi məna
daşıyır. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin,
məscidlərin və digər tarixi tikililərin bərpası şəhərin mədəni simasının
yenidən canlandırılmasına xidmət edir. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı
və Vaqif Poeziya Günlərinin yenidən Şuşada keçirilməsi isə onun əvvəlki mədəni
həyatının bərpasını təmin edir.
Şuşanın
gələcək inkişafı da uzunmüddətli planlaşdırma əsasında həyata keçirilir.
Nazirlər Kabinetinin 2024-cü il 21 oktyabr tarixli qərarı ilə təsdiqlənən “Şuşa
şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” şəhərin dayanıqlı
inkişafının əsas istiqamətlərini müəyyən edir. Sənəddə tarixi-memarlıq
mühitinin qorunması, təbii landşaftın mühafizəsi, yaşayış və sosial
infrastrukturun inkişafı, nəqliyyat sisteminin müasir tələblərə uyğun qurulması
nəzərdə tutulur.
Böyük
Qayıdış prosesi də Şuşanın dirçəlişinin mühüm tərkib hissəsidir. 2024-cü ildə
şəhərin ilk yaşayış kompleksinin istifadəyə verilməsi və keçmiş məcburi
köçkünlərin doğma yurda qayıdışının başlanması bu prosesdə yeni mərhələ açdı. İndiyədək
Şuşa şəhərində, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərində ümumilikdə 420
ailə, 1579 nəfər məskunlaşıb. Bu göstəricilər azad edilmiş ərazilərdə həyatın
bərpasının real nəticələrini əks etdirir.
8
Noyabr – Şuşa şəhəri Günü yalnız hərbi qələbənin ildönümü deyil, həm də milli
iradənin, dövlətçilik ənənələrinin və tarixi ədalətin təntənəsidir. Şuşanın
azad edilməsi Azərbaycan xalqının öz tarixinə, milli kimliyinə və dövlətinə
bağlılığını bütün dünyaya nümayiş etdirdi. Bu Şuşada aparılan bərpa-quruculuq
işləri, doğma sakinlərin qayıdışı və mədəni həyatın canlanması həmin Zəfərin
davamlı nəticələrini ortaya qoyur. Şuşa artıq yalnız keçmişin şöhrətini yaşadan
tarixi şəhər deyil, həm də müasir Azərbaycanın inkişafını, milli birliyini və
gələcəyə inamını təcəssüm etdirən məkandır. Onun azadlığı ilə başlayan yeni
tarix dövlətimizin gücünün, xalqımızın sarsılmaz iradəsinin və Böyük Qayıdışın
rəmzi kimi gələcək nəsillərin yaddaşında yaşayacaq.
Vasif Qafarov, Milli Məclisin deputatı