Ötən gün Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycan İcmasının Ziyalılar
Şurası və Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti
fakültəsinin birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan əsilli Əməkdar elm
xadimi, professor Abuzər Xələfovun anadan olmasının 95 illiyinə həsr olunmuş yığıncaq
keçirilib.
Manset.az xəbər verir ki, tədbiri giriş
sözü ilə Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədri, professor Elxan
Hüseynov açaraq professor Abuzər Xələfovun Azərbaycan elminə, xüsusilə
kitabxanaşünaslıq sahəsinin inkişafına verdiyi mühüm töhfələrdən danışıb. O,
görkəmli alimin zəngin elmi-pedaqoji fəaliyyətinin, yaratdığı elmi məktəbin və
yetişdirdiyi mütəxəssislərin Azərbaycan elminin inkişafında mühüm rol
oynadığını vurğulayıb.
Daha sonra Bakı
Dövlət Universitetinin "Redaksiya-nəşriyyat işi" kafedrasının müdiri,
dosent Knyaz Aslan "Azərbaycanda kitabxanaşünaslıq elminin memarı: Əməkdar
elm xadimi, professor Abuzər Xələfov irsi" mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə professor Abuzər Xələfovun ölkədə kitabxanaşünaslıq elminin
formalaşması və inkişafındakı müstəsna xidmətləri, elmi-pedaqoji fəaliyyəti,
çoxsaylı tədqiqatları və yaratdığı elmi məktəbin əhəmiyyəti geniş təhlil
olunub.
Tədbirdə çıxış
edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı
Əziz Ələkbərli professor Abuzər Xələfovun yalnız görkəmli alim deyil, həm də
Qərbi Azərbaycan həqiqətlərinin yaşadılması və gələcək nəsillərə çatdırılması
istiqamətində mühüm xidmətləri olan ziyalılardan biri olduğunu qeyd edib. O
bildirib ki, Qərbi Azərbaycandan olan elm və mədəniyyət xadimlərinin irsinin
öyrənilməsi tarixi yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Deputat professor Abuzər Xələfovun həyat və fəaliyyətinin Azərbaycan ziyalılığı
üçün örnək olduğunu vurğulayaraq, onun zəngin elmi irsinin gələcək nəsillər
tərəfindən dərindən öyrənilməsinin vacibliyini qeyd edib.
Daha sonra
Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədr müavini, professor Fərrux
Rüstəmov, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent
Ələmdar Bayramov, BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin
Əhmədov, Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının
müdiri, dosent Sevda Xələfova, BDU-nun Elmi kitabxanasının direktoru Nigar
İsmayılova və Mərkəzi Seçki Komissiyasının üzvü, dosent Elçin Xələfov çıxış
edərək professor Abuzər Xələfovun elmi fəaliyyətindən, pedaqoji xidmətlərindən
və Azərbaycan kitabxanaçılıq məktəbinin inkişafındakı müstəsna rolundan bəhs
ediblər.
Çıxışlarda qeyd
olunub ki, professor Abuzər Xələfovun çoxşaxəli fəaliyyəti ölkənin elm və
təhsil tarixində xüsusi yer tutur. Onun müəllifi olduğu əsərlər, yetişdirdiyi
elmi kadrlar və formalaşdırdığı elmi məktəb bu gün də uğurla fəaliyyət
göstərərək Azərbaycan elminin inkişafına mühüm töhfə verir.
Daha sonra professor
Abuzər Xələfovun fəaliyyətini təbliğ edən, alimin həyat və fəaliyyəti, ərsəyə
gətirdiyi nəşrlər barədə məlumatların yer aldığı https://abuzar-xalafov.info.az/
adlı saytın təqdimatı keçirilib. İcmanın
Ziyalılar Şurasının üzvü, dosent Azad Qurbanov sayt haqqında ətraflı məlumat
verib.
Tədbir
çərçivəsində professor Abuzər Xələfovun həyat və fəaliyyətindən bəhs edən
sənədli filmdən fraqment nümayiş etdirilib.
Sonda professor Abuzər Xələfovun
xatirəsi ehtiramla yad edilib, onun elmi irsinin öyrənilməsi və təbliğinin,
həmçinin Azərbaycan elminə və milli-mənəvi dəyərlərə verdiyi töhfələrin gələcək
nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.