İsrailin Baş naziri Bünyamin Netanyahu Livan vətəndaşlarına videomüraciət ünvanlayıb. O bildirib ki, İsrailin müharibəsi Livan xalqına qarşı deyil, “Hizbullah” hərəkatına qarşı aparılır.
Mansret.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahu sosial şəbəkə hesabında paylaşdığı videoda Livan əhalisinə müraciətlə deyib:
“Sizə bir mesajım var, Livan vətəndaşları. İsrail sizinlə müharibə aparmır. Biz ölkənizi girov saxlayan, İranın göstərişlərini yerinə yetirən və torpaqlarınızdan İsrailə qarşı terror hücumları təşkil etmək üçün istifadə edən ‘Hizbullah’a qarşı mübarizə aparırıq.
‘Hizbullah’ hazırda tarixinin ən zəif dövrünü yaşayır. İsrail isə heç vaxt olmadığı qədər güclüdür. Bu günədək ‘Hizbullah’ın təxminən 10 min silahlısını zərərsizləşdirmişik. Cənubi Livanı bu radikal qruplaşmadan mərhələli şəkildə təmizləyirik. Harada olmalarından asılı olmayaraq, onları tapacağıq”.
Netanyahu çıxışında İsrailin Livan xalqı ilə sülh münasibətlərinin tərəfdarı olduğunu da vurğulayıb.
“İsrail sizinlə sülh istəyir. Gələcəyinizi öz əlinizə alın. İsrailə qoşulun”, – deyə o bildirib.