Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) son günlər bəzi media orqanlarında sağlamlıq mərkəzlərinə yollayışların verilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Manset.az-ın məlumatına görə, AHİK-in müraciətində qeyd olunur ki, bəzi media subyektlərində səsləndirilən iddialar həqiqəti əks etdirmir və qərəzli xarakter daşıyır. Bildirilir ki, bu cür məlumatlar həm təşkilatın nüfuzuna xələl gətirir, həm də həmkarlar ittifaqları üzvlərinin haqlı narazılığına səbəb olur.
Konfederasiya vurğulayıb ki, yollayışların verilməsi prosesi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir və bu sahədə bütün qərarlar müvafiq normativ-hüquqi aktlara əsaslanır:
"Vurğulamaq istərdik ki, AHİK olaraq missiyamız ilk növbədə həmkarlar ittifaqları üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, layiqli əmək şəraitinin təmin edilməsi, işçilərin maarifləndirilməsi, üzvlərə sosial-iqtisadi dəstəyin göstərilməsi, bilik və bacarıqlarının artırılması, sağlamlığının qorunmasının səmərəli təşkilidir.
Qeyd edək ki, Azərbaycanda həmkarlar
ittifaqlarının fəaliyyəti ilk növbədə Azərbaycan Respublikasının
Konstitusiyası, həmçinin “Həmkarlar ittifaqları haqqında” Azərbaycan
Respublikasının Qanunu, AHİK-in Nizamnaməsi, sosial tərəfdaşlıq, məşğulluq,
sosial müdafiə və əmək münasibətlərini tənzimləyən normativ-hüquqi aktlarla tənzimlənir.
Son günlər mediada yollayışların verilməsi ilə
bağlı səslənən əsassız fikirlərə gəlincə isə bildiririk ki, yollayışların
verilməsi prosesi Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” Qanunu,
eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr
tarixli 189 nömrəli Qərarı (hazırda Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 nömrəli Qərarı) ilə təsdiq edilmiş
“Məcburi dövlət sosial sığorta vəsaiti hesabına sanatoriya-kurort
putyovkalarının (yollayışlarının) verilməsi, istifadəsi və uçotunun aparılması
Qaydaları”na əsasən tənzimlənir və yollayış verilərkən qanunvericiliyin tələbləri
əsas götürülür. Bu tələblərə görə, güzəştli yollayış veriləcək şəxslər həmkarlar
ittifaqının üzvü, sosial sığorta ödəyicisi və ya pensiyaçı olmalıdır. Həmin şəxslər
yollayışları dəyərinin yalnız 15 faizini ödəməklə əldə edirlər.
Təhlillər göstərir ki, qanunvericiliyin
uyğunlaşdırılması nəticəsində il ərzində əlavə olaraq 32 mindən çox vətəndaşımızın
yollayışdan istifadə imkanı yaranıb. Bununla da həyata keçirilmiş hüquqi
uyğunlaşdırmalar güzəştli yollayışlardan istifadə hüququ olan şəxslərin
yollayışlara əlçatanlığının, şəffaflığın və ünvanlığın artırılmasına, daha çox
şəxsin bu imkanlardan yararlanmasına şərait yaradıb.
Məlumat üçün bildiririk ki, həmin qaydalara Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 13 iyul 2011-ci il tarixli 113 №-li Qərarı ilə
edilmiş dəyişikliklərə əsasən, yollayışlardan güzəştli istifadə hüququ müraciətçilərin
ailə üzvlərinə, o cümlədən uşaqlarına şamil olunmur. Bununla belə Baş Kollektiv
Sazişdən irəli gələn sosial öhdəliklərə uyğun olaraq, AHİK-in təşəbbüsü əsasında
sağlamlıq mərkəzləri ilə bağlanmış müqavilələr çərçivəsində 12 yaşadək iki
uşağın ödənişsiz əsasda qonaqlanması və qidalanması təmin olunur.
Eyni zamanda ödənişsiz yollayış almaq hüququ
olanları ehtiva edən kateqoriyalar 3-dən 11-ə çatdırılıb. Bu isə dövlətimizin həyata
keçirdiyi sosial siyasətə uyğun olaraq, həssas qrupa aid olan daha çox vətəndaşın
sosial qayğı ilə əhatə olunması deməkdir.
Hesab edirik ki, bəzi media subyektlərində
yayımlanan və reallığı əks etdirməyən iddialar həmkarlar ittifaqları təşkilatları
haqqında əsassız və mənfi rəy formalaşdırmağa xidmət edir.
İşgüzar imicə ictimai zərər vurmağa hədəflənən
bu cür məlumatlar media etikası, obyektivlik, qərəzsizlik və məsuliyyət
prinsiplərinə uyğun gəlmir, “Media haqqında” Azərbaycan Respublikası Qanununun
müddəaları ilə ziddiyyət təşkil edir.
Media nümayəndələrini jurnalist etikasına əməl
etməyə, məlumatları yaymamışdan əvvəl aidiyyəti üzrə dəqiqləşdirməyə çağırırıq".