12 iyun 2026-cı il tarixində Qərbi
Azərbaycan İcmasında Göyçə mahalının Zərkənd kəndinə həsr olunmuş “Zərkənd
əmanətimizdir (Göyçə mahalı Zərkənd kəndinin tarixi-etnoqrafik salnaməsi)”
kitabının təqdimat mərasimi keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının
rəhbərliyi, İcma üzvləri, elm və ictimaiyyət nümayəndələri, eləcə də Zərkənd
kəndinin təmsilçiləri iştirak ediblər.
Tədbirə sədrlik edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri,
Milli Məclisin deputatı Əziz Ələkbərli son illərdə Qərbi Azərbaycan
həqiqətlərinin araşdırılması və tarixi yurd yerlərimizlə bağlı elmi nəşrlərin
hazırlanmasının yeni mərhələyə qədəm qoyduğunu bildirib. O qeyd edib ki, Vətən
müharibəsində qazanılan Zəfərdən sonra Qərbi Azərbaycana qayıdış ideyası
dövlətin strateji hədəflərindən birinə çevrilib və bu istiqamətdə tarixi
yaddaşın qorunması xüsusi əhəmiyyət daşıyır. Əziz Ələkbərli kənd tarixlərinin
yazılmasının böyük zəhmət tələb etdiyini vurğulayaraq, “Zərkənd əmanətimizdir”
kitabının müəlliflərinə təşəkkür edib və bu nəşrin gələcək tədqiqatlar üçün
mühüm mənbə olacağını bildirib.
Sonra Azərbaycan İqtisad Universitetinin dosenti, siyasi elmlər
üzrə fəlsəfə doktoru, Zərkənd kənd sakini Pərviz Səmədov çıxış edərək kitabın
kəndin tarixi yaddaşının qorunması və gələcək nəsillərə ötürülməsi baxımından
mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Ardınca
söz nəşrin elmi redaktoru, tarix elmləri doktoru,
professor Vaqif Şirinoğluya verilib.O, kitabın elmi əhəmiyyətindən danışaraq, əsərdə
Zərkənd kəndinin tarixi, demoqrafiyası və şəcərə sisteminin geniş şəkildə
tədqiq olunduğunu vurğulayıb.
Daha
sonra Zərkənd kəndi haqqında hazırlanmış video-çarx nümayiş etdirilib.
Digər
çıxışçılar Zərkənd kəndinin ziyalısı Namiq Nəbiyev, Qərbi Azərbaycan İcması
İdarə Heyətinin üzvü, jurnalist-tədqiqatçı, kimya üzrə fəlsəfə doktoru Nazir
Əhmədli, sabiq millət vəkili Arzu Səmədbəyli, Ədalət, Hüquq, Demokratiya
Partiyasının sədr müavini Niyaməddin Orduxanlı, “Cümhuriyyət” qəzetinin redaktoru Rafael
Becanov və kənd sakini Qurban İsmayılov çıxışlarında kitabın Zərkəndin tarixi
irsinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edən mühüm nəşr
olduğunu bildiriblər.
Çıxışlarda
qeyd olunub ki, “Zərkənd əmanətimizdir” kitabı təkcə bir kəndin salnaməsi
deyil, bütövlükdə Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi
baxımından mühüm elmi mənbədir. Bildirilib ki, nəşr Zərkənd kəndinin çoxəsrlik
tarixini, demoqrafik mənzərəsini və intellektual potensialını əhatə edən
fundamental ensiklopedik tədqiqat əsəridir. Nəşrdə 1831, 1842, 1873 və 1886-cı
illəri əhatə edən kameral təsvirlərin arxiv materialları ilə müasir şəcərə
araşdırmalarının sintezi təqdim olunub, kənddə yaşamış tayfaların genealoji
sxemləri sistemləşdirilib. Qeyd olunub ki, əsərdə Zərkənd məktəbinin tarixi,
kəndin yetişdirdiyi alimlər, həkimlər, hüquqşünaslar, dövlət xadimləri və
hərbçilər haqqında geniş məlumat verilib. Bununla yanaşı, kəndin təsərrüfat
həyatı, aşıq sənəti, yerli şivənin dilçilik xüsusiyyətləri, İkinci Dünya
müharibəsi və Qarabağ döyüşlərində iştirak etmiş şəhid və qazilərimizə dair
zəngin sənədli materiallar toplanıb.
Tədbirin sonunda kitabın həmmüəllifi Şahin Bayramov nəşrin hazırlanma prosesi, aparılan araşdırmalar və arxiv materialları haqqında məlumat verərək, tədbirin təşkilində dəstəyə görə İcma rəhbərliyinə, eləcə də İcma Aparatının kollektivinə təşəkkürünü bildirib. O, eyni zamanda kitabın ərsəyə gəlməsində dəstək göstərən şəxslərə minnətdarlıq edib.
Qeyd edək ki,
“Zərkənd əmanətimizdir (Göyçə mahalı Zərkənd kəndinin tarixi-etnoqrafik
salnaməsi)” kitabının müəllifləri Şahin Bayramov, Rafiq Namazov və Əli
Həziquliyevdir. Elmi redaktoru tarix elmləri doktoru, professor Vaqif
Şirinoğlu, redaktoru isə Miraslan Əzizxanoğludur. Nəşrdə Zərkənd kəndinin
çoxəsrlik tarixi, əhalisinin demoqrafik mənzərəsi, 1şəcərə sistemi, təhsil
ənənələri, tanınmış ziyalıları, aşıq sənəti, dil xüsusiyyətləri, eləcə də
İkinci Dünya müharibəsi və Qarabağ savaşlarında iştirak etmiş şəhid və qazilər
haqqında zəngin məlumatlar yer alıb.