İdarə etdiyi avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda ittiham olunan tiktoker İlduzə Hacıyevanın (Arzum) məhkəmə istintaqı başa çatıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfi çıxış edib.
Prokuror elan edib ki, cinayət işində göstərilən hallar məhkəmə istintaqı zamanı təsdiqini tapıb və təqsirləndirilən şəxsə verilmiş ittiham sübuta yetirilib.
Bu əsasla Arzumun yol hərəkəti qaydalarını pozaraq ölümə səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirli bilinərək 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsi tələb edilib. O, hazırda azadlıqdadır. Prokuror qadının məhkəmə zalında həbs edilməsi tələbini də çıxışına əlavə edib.
Vəkillərə müdafiə çıxışına hazırlanmaları üçün vaxt verilib.
Qeyd edək ki, qəza ötən ilin yayında Mərdəkan qəsəbəsində baş verib. İttihamda yazılıb ki, Arzumun idarə etdiyi avtomobil qarşıda hərəkətdə olan nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə həmin maşında olan 29 yaşlı Anar Məlikov ölüb, həyat yoldaşı Sənubər Muradova isə xəsarət alıb.
Təqsirləndirilən tiktokerin əməlini ağırlaşdıran hal isə qəzanı törətdikdən sonra hadisə yerini tərk etməsidir. Məhkəmədə əsas mübahisə doğuran məqam da bu olub. Arzum hadisə yerindən uzaqlaşmasını özünü itirməsi və xəstəxanaya getməsi ilə izah etsə də, iş materiallarında onun getdiyi xəstəxananı bir neçə dəqiqə sonra tərk etdiyi göstərilib.
Qəzanın görüntüləri hadisədən sonra sosial şəbəkələrdə də yayılıb, video ətrafında müxtəlif müzakirələr aparılıb.
Arzum bu hadisədən əvvəl Almaniyada yaşayıb, Azərbaycana qısamüddətli gəlibmiş. Hazırda onun övladları da həmin ölkədədir. Cinayət işi ilə bağlı özünün ölkə xaricinə çıxışına qadağa qoyulub.