Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi önəm daşıyır. Tarixi Zəfərimizdən sonra əlaqələrin yüksələn xətlə inkişafı Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət və hökumət başçılarının davamlı səfərlərində, Türk Dövlətləri Təşkilatı daxilində uğurlu əməkdaşlıqda və sair kimi önəmli məqamlarda özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri bütün bu məqamların təqdimatında əhəmiyyətli rol oynayır.
Reallıq budur ki, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə dövlətlərarası əlaqələrin ən sürətlə inkişaf edən istiqamətlərindən birinə çevrilib. Strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik səviyyəsinə yüksələn bu əlaqələrdə Prezident İlham Əliyev ilə Prezident Şavkat Mirziyoyev arasında yüksək siyasi etimad, davamlı qarşılıqlı səfərlər və əldə olunan razılaşmalar mühüm rol oynayır. Son 5 ildə Prezident İlham Əliyev Özbəkistana 2 dövlət səfəri və 4 işgüzar səfər edib. Prezident Şavkat Mirziyoyev isə həmin müddətdə ölkəmizə 2 dövlət səfəri və 7 işgüzar səfər həyata keçirib. Bu, iki ölkə arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinin təqdimatıdır. Bu səfərlər zamanı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə, “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” də daxil olmaqla çoxsaylı vacib sənədlər imzalanıb. Qeyd olunan səfərlər və imzalanmış sənədlər Azərbaycan-Özbəkistan əlaqələrinin hüquqi və siyasi əsaslarını daha da gücləndirib, əməkdaşlığın gələcək inkişafı üçün yeni imkanlar açıb. 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi istiqamətində mühüm institusional mexanizmə çevrilib. İndiyə qədər 2 iclası keçirilib: 2024-cü ildə Daşkənddə 1-ci, 2025-ci ildə Bakıda 2-ci iclası keçirilib. Prezident İlham Əliyev Özbəkistana budəfəki dövlət səfəri iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər çərçivəsində tərəflər arasında müxtəlif əməkdaşlıq sahələrini əhatə edən bir sıra əhəmiyyətli sənədlər imzalandı. Azərbaycan və Özbəkistan arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir. İndiyə qədər 220-dən çox sənəd imzalanıb.
Manset.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan Özbəkistan da daxil olmaqla Mərkəzi Asiya ölkələri ilə müstəsna xarakter daşıyan əlaqələrinin həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvidə dərinləşməsinə xüsusi əhəmiyyət verir. Son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi bu regionlar arasında yeni əməkdaşlıq modelinin formalaşmasına səbəb olub. Bu baxımdan ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoqunun və regional əməkdaşlığının inkişafında Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşü mühüm rol oynayır. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü ilk dəfə olaraq 2018-ci ildə Qazaxıstanın Astana şəhərində baş tutub. 2023-cü ildə və 2024-cü ildə müvafiq olaraq keçirilmiş 5-ci və 6-cı Məşvərət görüşlərində Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak və çıxış edib. 2025-ci ilin noyabr ayında Özbəkistanın Daşkənd şəhərində keçirilmiş 7-ci Məşvərət Görüşündə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycan Respublikasının tamhüquqlu iştirakı haqqında qərar qəbul edilib. Bu qərar Azərbaycanın region üçün strateji əhəmiyyətini və Mərkəzi Asiya dövlətləri ilə yaxın münasibətlərə malik olduğunu bir daha nümayiş etdirib. Azərbaycanın prosesə fəal qoşulması nəticəsində indiyə qədər C5 adlanmış əməkdaşlıq formatı faktiki olaraq C6 formatına yüksəlib, regional dialoq və strateji tərəfdaşlıq yeni məzmun və əhatə dairəsi qazanıb. Bu ilin iyul ayında Prezident İlham Əliyev Qırğızıstana dövlət səfəri zamanı Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə iştirak etdi. 8-ci Məşvərət Görüşünün bu ilin oktyabrında Türkmənistanda keçirilməsi nəzərdə tutulur. Bütün bu kimi əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edən addımlar Azərbaycan və Mərkəzi Asiya ölkələrinin bir-birinə olan münasibətlərini, həmçinin əlaqlərinin bütün sahələrdə uğurlu inkişafına xüsusi önəm vermələrini, günün əsas çağırışlarının yüksək səviyyədə cavablandırılması üçün birgə səylərin göstərilməsinin vacibliyini nümayiş etdirir. Azərbaycan və Özbəkistan Prezidentlərinin görüşlərində, həmçinin Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında bütün bu reallıqlara bir daha diqqət yönəldildi.
Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkənin münasibətlərinin gələcək inkişafında mühüm rol oynayacaq, ən əsası yol xəritəsi kimi dəyərləndirilən sənədin imzalanması ilə də diqqətdə oldu. Belə ki, Prezidentlər tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalandı. Müqavilədə göstərilir ki, iki dövlət beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərini və normalarını rəhbər tutaraq, münasibətlərində əbədi dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır, öz milli reallıqlarına uyğun inkişaf yollarının və modellərinin seçimində bir-birini dəstəkləyirlər. Onlar həmçinin digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran hər hansı bloklarda və ya ittifaqlarda iştirak etməməyi, öz ərazilərinin üçüncü ölkələr tərəfindən digər tərəfin dövlət suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadə edilməsinə, eləcə də öz ərazilərində digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran təşkilatların və qrupların yaradılmasına və fəaliyyətinə yol verməməyi öhdələrinə götürürlər. Tərəflər bir sıra sahələr üzrə əməkdaşlığa dair öhdəliklər götürüblər. Enerji, nəqliyyat, elm, təhsil, turizm, investisiya və sair kimi sahələrin prioritetliyi sözügedən sənəddə özünün aydın ifadəsini tapır. Bir sözlə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” əsasında Azərbaycan-Özbəkistan qardaşlığı yeni və daha möhkəm mərhələyə qədəm qoyaraq, iki xalq arasında əbədi dostluğun, sarsılmaz həmrəyliyin rəsmi ifadəsinə çevriləcək. Müttəfiqlik münasibətlərindən əbədi dostluğa uzanan bu yol, Azərbaycanla Özbəkistan arasında qardaşlığın yalnız bu gününü deyil, gələcək nəsillərini də birləşdirən möhkəm təməl rolunu oynayacaq.
Millət vəkili bildirib ki, Azərbaycan-Özbəkistan münasibətlərinin dərinliyi yalnız siyasi və iqtisadi göstəricilərlə məhdudlaşmır. İki ölkənin regionları arasında təmaslar intensivləşib, qardaşlaşma əlaqələri qurulub. Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokand, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Güliston, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri qardaşlaşıb. Həmçinin, Ürgənc və Naxçıvan, Ürgənc və Xankəndi, Buxara və Laçın şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması barədə qərar verilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Özbəkistanın iştirakı, eyni zamanda, ötən il Bakıda “Özbəkistan” parkının təməlinin qoyulması dövlətlərimiz və xalqlarımız arasında tarixən mövcud olan qardaşlığın, dostluğun bariz nümunələrindəndir. Ölkələrimiz arasında mədəni-humanitar sahədə əməkdaşlıq uğurla inkişaf edir. 2023-cü il və 2025-ci ildə Azərbaycanda Özbəkistan mədəniyyət günləri, 2024-cü ildə Özbəkistanın Elm və Mədəniyyət Günləri keçirilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2023-cü ildə Azərbaycana dövlət səfəri çərçivəsində dövlətimizin başçısı İlham Əliyev ilə Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışında iştirak etdilər. 960 şagird yerlik məktəb Özbəkistan tərəfindən Azərbaycana hədiyyə edilib. Məktəbin Mirzə Uluqbəyin adını daşıması layihəyə əlavə tarixi-mədəni məna qazandırır. Prezident İlham Əliyevin Özbəkistana bu dəfəki dövlət səfəri çərçivəsində dövlət başçıları Daşkənddə Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak etdilər. Tədbir çərçivəsində “Davr Bank” (AR Beynəlxalq Bankı), Gips zavodu (“Matanat-A”), “Landau” adına STEAM (Science, Technology, Engineering, and Mathematics) iki məktəb (“Landau Education Group”) layihələrinin açılışı oldu. Həmçinin SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsinin, “Sea Breeze Uzbekistan” yaşayış və istirahət kompleksinin (“Agalarov Development”), “Baku City” yaşayış kompleksinin (“TuranAZ”), Gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabrikinin (“Sur Gold and Silver Project”) və Meyvə bağlarının (“Gold Fresh Fruits”) layihələrinin təməlqoyma mərasimi keçirildi.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü inkişaf səviyyəsi iki dövlət arasındakı əlaqələrdən daha geniş regional mənzərə təqdim edir. Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm siyasi və iqtisadi mərkəzləri kimi çıxış edir. İki ölkənin strateji yaxınlaşması regionlar arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin dərinləşməsinə xidmət edir. Prezident İlham Əliyev mətbuata bəyanatında da qeyd etdi ki bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır.
Azərbaycan və Özbəkistan arasında münasibətlərin yüksək səviyyəsi iki qardaş xalq arasında təmasların intensivləşməsinə də öz töhfəsini verir. Belə ki, AZAL tərəfindən Bakı-Daşkənd-Bakı marşrutu üzrə həftədə 7 reys, Bakı-Səmərqənd-Bakı marşrutu üzrə isə həftədə 2 reys, “Özbəkistan Xavo Yolları” aviaşirkəti tərəfindən Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə həftədə 4 reys, “Centrum” aviaşirkəti tərəfindən Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə həftədə 3 reys olmaqla müntəzəm sərnişin daşımaları yerinə yetirilir. Göründüyü kimi, iki dost, qardaş ölkə arasında münasibətlərin uğurlu inkişafı, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün bütün imkanlar mövcuddur. Qarşıya qoyulan hədəflərə zamanında nail olmaq üçün hüquqi bazanın möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Əbədi dostluq haqqında Müqavilə iki ölkə arasında diplomatik münasibətlərin qurulduğu 1995-ci ildən bu günə keçilən yolun ümumiləşdirilmiş ifadəsi, qarşıdakı dövrün yol xəritəsidir. Daşkənddə Azərbaycan və Özbəkistan Prezidentlərinin təltifolunma mərasimi keçirildi. Prezident Şavkat Mirziyoyev ali dərəcəli “Dostluq” ordenini dövlətimizin başçısına, Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Özbəkistanın dövlət başçısına təqdim etdi. Möhkəm dostluq və qardaşlıq təməlləri üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətləri öz növbəsində Türk dünyasının birliyinə, həmrəyliyinə də böyük töhfədir. Hər iki ölkə TDT-ni yalnız dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm bir birlik kimi qəbul edir.