logo
logo logo
logo

Xaricdə oxumaq istəyənlərin diqqətinə! — AÇIQLAMA

08:40 - 24 Avqust 2026

Xaricdə oxumaq istəyənlərin diqqətinə! — AÇIQLAMA

Xaricdə təhsil almaq istəyən gənclər universitetə qəbul və sənədləşmə prosesində təhsil şirkətlərinin xidmətlərindən yararlanırlar. Lakin bəzi hallarda bu sahədə fəaliyyət göstərən şirkətlərin vədlərini yerinə yetirməməsi, ödənişlərin qarşılığında gözlənilən nəticənin əldə olunmaması ilə bağlı narazılıqlar səslənir. Bu isə gənclərin həm vaxt, həm də maddi itkilərlə üzləşməsinə səbəb ola bilər.

Xaricdə təhsil şirkətinin etibarlı və qanuni fəaliyyət göstərdiyini əvvəlcədən necə müəyyənləşdirmək olar?


Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, təhsil eksperti Əmrah Həsənli bu barədə danışıb.


Onun sözlərinə görə, xaricdə təhsil almaq istəyən gənclər üçün ən vacib məsələlərdən biri universitet seçimindən də əvvəl düzgün və etibarlı tərəfdaş seçməkdir:

“Çünki bu prosesdə yalnız universitetə müraciətin edilməsi deyil, sənədlərin hazırlanması, qəbul şərtlərinin düzgün izah olunması, bəzi ölkələr üçün viza prosesi, yaşayış və digər məsələlər də ciddi əhəmiyyət daşıyır. Təəssüf ki, bazarda bu xidmətlərdən istifadə edən şəxslərin sonradan müxtəlif problemlərlə üzləşdiyi hallar da var. İlk növbədə, xaricdə təhsil şirkətinin hüquqi statusu araşdırılmalıdır. Şirkətin rəsmi qeydiyyatda olub-olmaması, hüquqi adı, VÖEN-i, fəaliyyət ünvanı və əlaqə məlumatları yoxlanılmalıdır. Təkcə sosial şəbəkədə aktiv səhifəsinin olması həmin şirkətin etibarlı və ya qanuni fəaliyyət göstərdiyini sübut etmir. İkinci mühüm məsələ müqavilədir. Valideyn və ya tələbə ödəniş etməzdən əvvəl şirkətlə yazılı müqavilə bağlamalıdır. Müqavilədə göstərilən xidmətlər, ödəniş məbləği, ödənişin mərhələləri, tərəflərin öhdəlikləri, mümkün geri ödəniş şərtləri və xidmətin hansı hallarda dayandırılması kimi məsələlər konkret şəkildə qeyd olunmalıdır. “Biz sizi mütləq universitetə qəbul etdirəcəyik”, “vizaya 100 faiz zəmanət veririk”, “təqaüdə zəmanət veririk” kimi şifahi vədlərə əsaslanaraq böyük məbləğdə ödəniş etmək düzgün deyil. Xüsusilə “100% qəbul”, “100% viza”, “təqaüd zəmanəti” kimi ifadələrə çox ehtiyatla yanaşmaq lazımdır. Çünki qəbul qərarını universitet, viza ilə bağlı qərarı isə müvafiq dövlət qurumu verir. Təhsil şirkəti sənədləşmə prosesində peşəkar xidmət göstərə bilər, amma son qərarı verən qurumun əvəzinə zəmanət verə bilməz. Digər vacib məqam universitetin özünün yoxlanılmasıdır. Tələbə ona təklif olunan universitetin adını mütləq həmin universitetin rəsmi internet resurslarından araşdırmalıdır. Universitetin akkreditasiyası, proqramın tanınması, təhsil haqqı və qəbul şərtləri ilə bağlı məlumatlar birbaşa universitetdən də təsdiqlənməlidir. Şirkətin təqdim etdiyi məlumatla kifayətlənmək doğru yanaşma deyil”.

Ekspert vurğulayıb ki, şirkətin əvvəlki fəaliyyəti də araşdırılmalıdır:

“Sosial şəbəkələrdə yalnız müsbət rəylərə deyil, mənfi rəylərə və şikayətlərə də baxmaq lazımdır. Şirkət, məsələn, “minlərlə tələbə göndərmişik” deyirsə, mümkün qədər real tələbə və məzunlarla əlaqə saxlayıb onların təcrübəsini öyrənmək faydalıdır. Çünki reklamla real xidmət arasında fərq ola bilər. Gənclərə bir məqamı da xüsusi tövsiyə edərdim: bütün bu prosesi şirkətin üzərinə buraxmasınlar. Tələbə özü də hansı universitetə müraciət etdiyini, hansı sənədləri imzaladığını, hansı məbləği ödədiyini və hansı tarixdə hansı mərhələnin həyata keçirildiyini bilməlidir. Universitetdən gələn rəsmi məktublar və digər sənədlər mütləq tələbənin özündə də olmalıdır. Ödəniş məsələsində də diqqətli olmaq lazımdır. Mümkün qədər rəsmi ödəniş edilməli və qəbz tələb olunmalıdır ki, böyük məbləğlərin qeyri-rəsmi formada verilməsindən çəkinilsin. Məsələn, bir neçə gün əvvəl bəzi sosial şəbəkə istifadəçilərinin hansısa xaricdə təhsil şirkətinin rəhbərinin kart hesabına 2 000, 3 000 və ya daha böyük məbləğdə pul ödədiklərini yazdıqlarını gördük. Məbləğ bəzi vətəndaşlar üçün nisbətən kiçik görünsə belə, bu cür ödənişlər sonradan hər hansı mübahisə yarandıqda vətəndaş üçün sübut baxımından problem yarada bilər. Burada, təbii ki, valideynlərin də məsuliyyəti böyükdür. Bəzən daha ucuz qiymətə və ya daha sürətli qəbul vədinə görə seçim edirlər. Amma xaricdə təhsil uzunmüddətli və ciddi maliyyə qərarıdır. Şirkətin qiymətindən daha çox onun hüquqi məsuliyyəti, şəffaflığı və təqdim etdiyi xidmətin keyfiyyəti nəzərə alınmalıdır. Ümumilikdə hesab edirəm ki, bu sahədə şəffaflığın artırılmasına ciddi ehtiyac var. Xaricdə təhsil xidmətləri göstərən şirkətlərin fəaliyyəti ilə bağlı tələbələrin və valideynlərin maarifləndirilməsi, onların hüquqlarının qorunması və şirkətlərin məsuliyyətinin daha aydın müəyyənləşdirilməsi vacibdir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az