“SİMM – Süni İntellektlə Müasir Məktəb” layihəsinin
praktiki təlim mərhələsinə start verilir
Manset.az xəbər verir ki, Azercell-in dəstəyi ilə həyata keçirilən “SİMM –
Süni İntellektlə Müasir Məktəb” layihəsinin növbəti mərhələsinə start verilir.
Təlimlər müəllimlərin süni intellekt alətlərindən tədris prosesində səmərəli
istifadə üzrə praktiki bacarıqlarının inkişafına yönəlib.
28 avqust–11 sentyabr tarixlərində keçiriləcək təlimlər
Bakı ilə yanaşı, Qarabağ və Gəncəni də əhatə edəcək. Ümumilikdə 120-dən çox müəllim
süni intellekt alətlərinin tədrisdə tətbiqi üzrə bilik və praktiki
bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaq.
Layihə kaskad modeli əsasında həyata keçirilir. Təlim
proqramını uğurla başa vuran müəllimlər qazandıqları bilik və bacarıqları həmkarları
ilə bölüşərək süni intellekt alətlərinin tədris prosesində daha geniş tətbiqinə
dəstək olacaqlar. Bu model layihə çərçivəsində əldə olunan biliklərin daha
geniş müəllim auditoriyasına çatdırılmasına imkan verəcək.
Layihənin sonunda iştirakçıların təlim müddətində əldə
etdikləri nəticələr qiymətləndiriləcək. Ən yüksək nəticə göstərən üç müəllim
xüsusi mükafatlarla təltif olunacaq.
Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən
biri olan “Azercell Telekom” MMC süni intellekt texnologiyalarının tətbiqi və
inkişafı üzrə fəaliyyətini “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün
Süni İntellekt Strategiyası”nda müəyyən edilmiş prioritetlərə uyğun olaraq
genişləndirməyə davam edəcək.