25–26 sentyabr tarixlərində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan
Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik”
mövzusunda panel sessiya təşkil olunub.
Manset.az xəbər verir ki, panel sessiyada Azərbaycan
Respublikasının ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, “AzerGold”
QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Asiya İnkişaf Bankının Azərbaycan
üzrə direktoru Sunniya Durrani-Camal, “Technip Energies”, “Limak Holding”,
“Green Spark” və “Kazakhstan Insulator Plant” şirkətlərinin rəhbər nümayəndələri
iştirak ediblər.
Sessiyada kritik xammalın qlobal
enerji keçidi, yüksək texnologiyalı sənaye və iqtisadi təhlükəsizlik baxımından
artan strateji əhəmiyyəti, dayanıqlı təchizat və emal zəncirlərinin
formalaşdırılması, beynəlxalq tərəfdaşlıq və investisiya imkanları müzakirə
olunub.
Paneldə çıxış edən ekologiya və təbii
sərvətlər naziri Rəşad İsmayılov Azərbaycanın yanaşmasının uzunmüddətli əməkdaşlığa,
resurslardan səmərəli istifadəyə və qarşılıqlı faydaya əsaslandığını bildirib.
O qeyd edib ki, “Azərbaycan 2030” Milli Prioritetləri çərçivəsində dairəvi
iqtisadiyyata əsaslanan biznes modellərinin inkişafı, dövlət–özəl tərəfdaşlığının
genişləndirilməsi və mineral ehtiyatların səmərəli dövriyyəyə cəlb edilməsi əsas
hədəflərdəndir. Nazir, həmçinin Kiçik Qafqaz, Naxçıvan və Balakən–Zaqatala bölgələrinin
kritik mineral potensial baxımından əhəmiyyətini və layihələrdə ekoloji tələblərin
nəzərə alınmasının vacibliyini vurğulayıb.
“AzerGold” QSC-nin İdarə Heyətinin
sədri Zakir İbrahimov kritik mineralların artıq yalnız dağ-mədən sənayesinin
deyil, qlobal iqtisadi təhlükəsizliyin də mühüm elementinə çevrildiyini
bildirib. Onun sözlərinə görə, enerji keçidi, rəqəmsal texnologiyalar və süni
intellektin inkişafı metallara tələbatı artırır, geosiyasi proseslər isə təchizat
zəncirlərinin dayanıqlılığını daha da aktuallaşdırır.
Zakir
İbrahimov qeyd edib ki, bu baxımdan əsas məsələ yalnız resursların mövcudluğu
deyil, onların harada emal edilə bilməsi və dünya bazarlarına təhlükəsiz və
etibarlı şəkildə çatdırılmasıdır. O, Azərbaycanın zəngin mineral resursları,
enerji və sənaye infrastrukturu, eləcə də Mərkəzi Asiyanı Avropa və qlobal
bazarlarla birləşdirən Orta Dəhliz üzərində yerləşməsi ilə bu sahədə mühüm
imkanlara malik olduğunu vurğulayıb.
İdarə Heyətinin sədri Filizçay
polimetal yatağını nümunə göstərərək, yatağın zəngin sink, qurğuşun və mis
resurslarına malik olduğunu və belə layihələrin Azərbaycanın regional təchizat
zəncirlərində rolunu gücləndirə biləcəyini qeyd edib.
Zakir İbrahimov, həmçinin Ələt
Kritik Minerallar Mərkəzinin inkişafı istiqamətində aparılan işlərə toxunaraq,
təşəbbüsün Azərbaycanın mineral resurslarını və emal imkanlarını Mərkəzi Asiya
resursları ilə birləşdirərək Avropa və digər qlobal bazarlara çıxış imkanlarını
genişləndirə biləcəyini bildirib.
Beynəlxalq tərəfdaşlığın əhəmiyyətinə
diqqət çəkən Zakir İbrahimov “AzerGold” QSC ilə Birləşmiş Ərəb Əmirliklərinin
“International Resources Holding” şirkəti arasında Naxçıvanda həyata keçirilən əməkdaşlığı
nümunə göstərib. O bildirib ki, əməkdaşlıq çərçivəsində kritik metalların da
daxil olduğu mineral-xammal potensialının öyrənilməsi və perspektivli faydalı
qazıntı yataqlarının müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Panel sessiyası sual-cavab
formatında davam edib. Müzakirələr zamanı kritik xammalın iqtisadi təhlükəsizlik
baxımından əhəmiyyəti, dayanıqlı təchizat zəncirlərinin formalaşdırılması,
mineral resursların məsuliyyətli mənimsənilməsi, emal imkanlarının genişləndirilməsi
və beynəlxalq əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.