İranın bəzi dairələri sosial şəbəkələr və media resursları vasitəsilə Azərbaycana qarşı informasiya kampaniyaları aparır, cəmiyyətdə süni narazılıq yaratmağa çalışırlar.
Manset.az xəbər verir ki, bunu deputat Azay Quliyev bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında dostluğa və qarşılıqlı hörmətə əsaslanan münasibətlər mövcuddur. A.Quliyev eyni kökdən olan soydaşımızın İran Prezidenti olmasının qürurverici olduğunu vurğulayıb.
“Hazırkı müharibə şəraitində Pezeşkianın düşdüyü çətin vəziyyətə görə hətta narahatlıq və mərhəmət hissi keçiririk”, – deputat bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, İranın bəzi dairələri Azərbaycana qarşı informasiya müharibəsi aparır, təxribatlar törədir və hədələr səsləndirirlər. A.Quliyev İran dövlət radio və televiziya qurumunun tərkibində fəaliyyət göstərən “Səhər TV” kanalını bu kampaniyaların əsas ruporlarından biri adlandırıb.
Deputat məktəblərdə vahid geyim qaydaları ilə bağlı məsələnin də kontekstdən çıxarılaraq ictimaiyyətdə süni gərginlik və narazılıq yaratmaq üçün istifadə edildiyini bildirib. O, İran parlamentinin bəzi üzvlərinin və SEPAH generallarının Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri də tənqid edib.
A.Quliyev hesab edir ki, sosial şəbəkələr vasitəsilə ictimai rəyə təsir göstərmək cəhdləri yalnız informasiya məsələsi deyil, həm də milli təhlükəsizlik və dövlətin informasiya suverenliyi ilə bağlıdır.
“Bu cür informasiya təxribatlarına və ya hibrid müharibəyə qarşı mübarizə kifayət qədər ciddi yanaşma tələb edir. Müasir dövrdə sosial şəbəkələr vasitəsilə ictimai rəyə təsir göstərmək, cəmiyyətdə süni narazılıq yaratmaq və ölkənin daxili məsələlərinə kənardan müdaxilə etmək cəhdlərinə qarşı təkcə dövlət olaraq deyil, bütövlükdə cəmiyyət olaraq mübarizə aparmalıyıq”, – deputat vurğulayıb.
O bildirib ki, xarici dairələr dini, milli və siyasi həssaslıqlardan istifadə edərək cəmiyyətdə parçalanma yaratmağa, dövlət institutlarına inamı zəiflətməyə çalışırlar.
A.Quliyev qeyd edib ki, xarici müdaxilələrə qarşı mübarizə hüquqi və institusional tədbirlərlə yanaşı, maarifləndirməni də əhatə etməlidir. Onun sözlərinə görə, vətəndaşlar xəbərlərin mənbəyini yoxlamağı, manipulyativ başlıqları tanımağı, saxta görüntüləri müəyyən etməyi və emosional çağırışlara tənqidi yanaşmağı bacarmalıdırlar.
Deputat məktəblərdə, universitetlərdə və media vasitəsilə sistemli maarifləndirmə proqramlarının həyata keçirilməsini, xüsusilə gənclərin media savadlılığının artırılmasını vacib sayıb. O, həmçinin saxta hesabların arxasında duran şəxslərin müəyyənləşdirilməsini, dezinformasiya kampaniyalarının maliyyələşmə mənbələrinin araşdırılmasını və beynəlxalq əməkdaşlığın gücləndirilməsini təklif edib.
“Əsas məqsəd yalnız xarici müdaxiləyə cavab vermək deyil, eyni zamanda Azərbaycanın informasiya məkanını belə müdaxilələrə qarşı daha dayanıqlı etməkdir”, – A.Quliyev əlavə edib.