Dövlət qulluqçuları ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni - Dövlət Qulluğu Məcəlləsi layihəsində öz əksini tapıb.
Qüvvədə olan “Dövlət qulluğu haqqında” qanuna görə, dövlət qulluqçusunun əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa, elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmağa ixtiyarı yoxdur.
Layihəyə əsasən, dövlət qulluqçusunun əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada qulluq keçdiyi dövlət orqanında müvəqqəti əvəz etmə və boş vəzifə üzrə qulluq funksiyasının icrası halları istisna olmaqla), o cümlədən heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa və qulluq keçdiyi dövlət orqanı rəhbərinin yazılı razılığı ilə elmi və pedaqoji fəaliyyət istisna olmaqla, qulluq müddətində heç bir sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olmağa ixtiyarı yoxdur.
***
Dövlət Qulluğu Məcəlləsi layihəsində “Dövlət qulluğu sertifikatı”nın qüvvədəolma müddətinin 5 ildən 2 ilə endirilməsi öz əksini tapıb.
Layihəyə əsasən, inzibati vəzifələrlə bağlı müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) rübdə bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Müsabiqədə ilk dəfə iştirak edən şəxslərə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailəsinin üzvlərinə münasibətdə test imtahanında iştirak etmək üçün müəyyən edilmiş məbləğ Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” verir. “Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti 2 il olacaq.
“Dövlət qulluğu sertifikatı” qüvvədə olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində 5 vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişsiz qeydiyyatdan keçə bilər. Beşdən artıq vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) birgə təşkil edir. Müsabiqə nəticələri hesablanarkən şəxslərin müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ verən “Dövlət qulluğu sertifikatı”nı əldə etdikləri test imtahanının nəticəsinin test imtahanı üzrə əldə oluna bilən ən yüksək göstəriciyə nisbətdə faiz göstəricisi ilə müsabiqənin müsahibə mərhələsində əldə etdikləri nəticənin müsabiqənin müsahibə mərhələsində əldə oluna bilən ən yüksək göstəriciyə nisbətdə faiz göstəricisi toplanaraq ikiyə bölünür. “Dövlət qulluğu sertifikatı” tələb edilmədən müsabiqənin müsahibə mərhələsində iştirak edən şəxslərin uyğun hesab olunduqları vəzifə üzrə sertifikatın əldə edilməsi üçün tələb olunan minimal keçid balının faiz göstəricisi ilə test imtahanında toplanması mümkün olan ən yüksək balın faiz göstəricisinin cəmlənib ikiyə bölünməsi yolu ilə test imtahanı nəticəsi müəyyən edilir və daha sonra həmin şəxslərin müsabiqə nəticələri yuxarıda qeyd olunan qaydaya uyğun olaraq hesablanır. Test imtahanının və ya müsahibənin nəticələri etibarsız hesab edildikdə, habelə şəxs test imtahanında və ya müsahibədə iştirak etmədikdə ödənilmiş məbləğlər geri qaytarılmayacaq.
Qeyd edək ki, qüvvədə olan “Dövlət qulluğu sertifikatı” qanuna görə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədə olma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər.
Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Dövlət Qulluğu Məcəlləsi qüvvəyə mindiyi günədək qüvvədə olmuş "Dövlət qulluğu haqqında" qanuna əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən və etibarlılıq müddəti başa çatmamış “Dövlət qulluğu sertifikatı”na malik olan şəxslər həmin sertifikatın qüvvədə olma müddəti ərzində bu Məcəlləyə uyğun olaraq müsahibələrdə iştirak etmək hüququna malik olacaqlar.
***
Dövlət qulluğuna qəbulun müsahibə mərhələsi və daxili müsahibə 2 mərhələdən ibarət olacaq.
Dövlət Qulluğu Məcəlləsi layihəsinə əsasən, inzibati vəzifələrlə bağlı müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Müsabiqənin müsahibə mərhələsi və daxili müsahibə 2 mərhələdən ibarət olacaq. Müsahibədə iştirak etmək üçün qeydə alınmış, vakant vəzifənin tutulmasının ümumi şərtlərinə və bu şərtlərə əsasən vəzifə təlimatı ilə müəyyən edilən tələblərə cavab verən şəxslərin sayı 5 nəfərdən çox olduqda, onlarla müsahibənin birinci mərhələsi keçiriləcək. Müsahibənin birinci mərhələsinin keçirildiyi vaxt və yer barədə məlumat müsahibənin keçirilməsinə azı 5 iş günü qalmış müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və vakant vəzifənin aid olduğu dövlət orqanının rəsmi internet informasiya ehtiyatında yerləşdiriləcək.
Müsahibənin birinci mərhələsində müsahibədə iştirak edən şəxsin vakant vəzifənin təlimatı ilə müəyyən edilən tələblərə, o cümlədən qulluq funksiyalarına və müsahibə proqramına uyğun olaraq səriştələri yoxlanılacaq. Müsahibənin birinci mərhələsində azı 50 faiz nəticə əldə etmiş şəxslər arasından ən yüksək nəticə göstərmiş 5 nəfər müsahibənin ikinci mərhələsinə buraxılacaq. Beşinci yerə uyğun nəticəni birdən çox şəxs topladığı hallarda, müsahibənin birinci mərhələsində təqdim edilmiş tapşırıqlar üzrə prioritet ardıcıllığı tətbiq olunacaq. Bu zaman daha yüksək prioritetə malik tapşırıq üzrə daha yaxşı nəticə göstərmiş şəxsə üstünlük veriləcək. Nəzərdə tutulmuş tapşırıqların prioritet ardıcıllığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Müsahibədə iştirak etmək üçün qeydə alınmış, vakant vəzifənin tutulmasının ümumi şərtlərinə və bu şərtlərə əsasən vəzifə təlimatı ilə müəyyən edilən tələblərə cavab verən şəxslərin sayı 5 və daha az olduqda, onlar birbaşa müsahibənin ikinci mərhələsinə buraxılacaqlar. Müsahibənin ikinci mərhələsinin keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vakant vəzifənin aid olduğu dövlət orqanı ilə birgə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bir nümayəndəsi, dövlət orqanının bir nümayəndəsi və bir müstəqil ekspert daxil olmaqla üç nəfərdən ibarət tərkibdə müsahibə komissiyası yaradır.
1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-üçüncü təsnifatlarına uyğun olan vəzifələrin, habelə 2-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrin (struktur bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) tutulması ilə bağlı müsahibə komissiyası yalnız həmin dövlət orqanının nümayəndələri daxil edilməklə yaradılacaq.
Müsahibənin ikinci mərhələsi müsahibədə iştirakla bağlı qeydə alınmış şəxsin razılığı ilə videoçəkiliş aparılmaqla keçiriləcək. Müsahibənin ikinci mərhələsi fərdi qaydada Azərbaycan Respublikasının dövlət dilində azı 20 dəqiqə aparılacaq. Müsahibənin ikinci mərhələsində müsahibədə iştirak edən şəxsin vakant vəzifənin təlimatı ilə müəyyən edilən tələblərə, o cümlədən qulluq funksiyalarına və müsahibə proqramına uyğun olaraq səriştələri yoxlanılmaqla, müvafiq vəzifəyə uyğunluğu müəyyən ediləcək.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müsahibənin (müsahibənin birinci və İkinci mərhələlərinin) proqramlarının hazırlanmasında iştirak edəcək və təsdiqinə razılıq verəcək. Üzrlü səbəblər olmadan müsabiqənin müsahibə mərhələsi və ya daxili müsahibədə iştirak etməyən şəxslə, həmin vakant vəzifə üzrə elan edilmiş cari müsabiqə (daxili müsahibə) cərçivəsində yenidən müsahibənin keçirilməsinə yol verilməyəcək.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, müsahibə bir mərhələdən ibarətdir. Başqa sözlə, “Dövlət qulluğu haqqında” qanuna görə, müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 3 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır.
Hazırda qüvvədə olan qanuna görə, daxili müsahibə də bir mərhələdən ibarətdir. 1–5-ci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifələri və Azərbaycan Respublikasının xarici ticarət nümayəndələri vəzifələri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında müsabiqə və ya müsahibə yolu ilə həyata keçirilir. 1–5-ci kateqoriya dövlət orqanının rəhbəri inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.