Daşkənddə səfərdə olan Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı
Səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzində bu ölkənin
turizm şirkətlərinin 60-dan çox nümayəndəsi ilə görüş keçirib.
Manset.az xəbər verir ki, tədbirdə ölkəmizin zəngin təbii resurslarının, əlverişli
iqliminin və füsunkar təbiətinin turistlər üçün cəlbedici olduğu vurğulanıb,
sağlamlıq turizmi potensialı barədə ətraflı məlumat verilib.
Turizm şirkətlərinin nümayəndələrinə AHİK-in
“Kurort” Qapalı Səhmdar Cəmiyyətinin və “Kurort” Turizm İnformasiya Mərkəzinin
fəaliyyəti, Konfederasiyanın sağlamlıq və istirahət mərkəzlərinin
infrastrukturu, müalicə və istirahət imkanları, eləcə də göstərilən xidmətlər
barədə təqdimat keçirilib.
Özbəkistan Respublikasının Turizm Komitəsinin nümayəndəsi
xanım Şaxloxan Soliyeva isə ölkəsinin turizm siyasətindən, turistlərin maraq
göstərdiyi tarixi-mədəni abidələrindən bəhs edib, Azərbaycanla turizm əlaqələrinin
inkişafı və birgə təşəbbüslərin həyata keçirilməsi üçün mövcud imkanları diqqətə
çatdırıb.
Görüş çərçivəsində sağlamlıq turizmi sahəsində əməkdaşlığın
genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb,
iştirakçıların sualları cavablandırılıb.