Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, yeni araşdırmaya əsasən, səhər yeməyinin vaxtı düşündüyümüzdən daha böyük əhəmiyyət daşıya bilər.
Tədqiqatda alimlər səhər yeməyini daha gec yeməyin ölüm riskinin artması ilə əlaqəli olduğunu müəyyən ediblər. Gec yemək yeyənlər qrupunda 10 illik sağqalma göstəricisi 86,7 faiz, daha erkən səhər yeməyi yeyənlər qrupunda isə 89,5 faiz olub.
Səhər yeməyinin vaxtı ilə uzunömürlülük arasındakı əlaqəni araşdırmaq üçün alimlər Böyük Britaniyada 1983–2017-ci illər ərzində təxminən 3000 yaşlı insanın müşahidə edildiyi uzunmüddətli tədqiqatın məlumatlarını təhlil ediblər. Nəticələr göstərib ki, yaş artdıqca insanlar səhər və axşam yeməklərini daha gec yeməyə meyilli olurlar.
Yemək vaxtı bioloji saata necə təsir edir?
Xrononutrisiologiya — qidalanma vaxtını araşdıran elm sahəsi — yeməklərin gec saatlarda qəbulunun metabolik sağlamlığın pisləşməsi ilə əlaqəli ola biləcəyini göstərir. Bu isə xroniki xəstəliklər riskinin artmasına səbəb ola bilər.
Tədqiqat iştirakçıları orta hesabla oyandıqdan 31 dəqiqə sonra, səhər saat 08:22-də səhər yeməyi yeyiblər. Yaş artdıqca səhər yeməyinin daha gec yeyilməsi arasında əlaqə müşahidə olunub.
Məlumata görə, yemək vaxtı orqanizmin sirkadiyalı ritmi, yəni bioloji saatı ilə də əlaqəlidir. Qida vasitəsilə orqanizmə daxil olan maddələr bioloji saata təsir göstərən xarici siqnallardan biridir.
Yaşlanma ilə tez-tez müşahidə olunan hərəkət məhdudiyyətləri və sosial əlaqələrin azalması kimi dəyişikliklər də bu ritmi poza bilər. Yemək vaxtları orqanizmin daxili bioloji saatına uyğun gəlmədikdə problem daha da dərinləşə bilər.
Tədqiqatçılar hesab edirlər ki, səhər yeməyini daha erkən yemək vərdişini qorumaq yaşlı insanlarda sirkadiyalı ritmin tənzimlənməsinə kömək edə bilər.
Alimləri belə bir nəticəyə gəliblər: “Əlavə tədqiqatlara ehtiyac olsa da, yemək vaxtı sağlam yaşlanmaya düşündüyümüzdən daha çox təsir göstərə bilər. Səhər yeməyini daha erkən yemək vərdişinə əməl etmək yaş artdıqca sirkadiyalı ritmi qorumağa, həmçinin ümumi sağlamlığı, psixi vəziyyəti və rifahı yaxşılaşdırmağa kömək edə bilər”.