Azərbaycan Hava Yolları (AZAL) 2027-ci il yanvarın 4-dən etibarən Bakı-İstanbul marşrutu üzrə bütün reyslərini İstanbul Beynəlxalq Hava Limanı (IST) vasitəsilə həyata keçirməyi planlaşdırır.
Bu barədə Manset.az-a “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.
“Bu dəyişiklik aviaşirkətin uçuş proqramının optimallaşdırılması çərçivəsində həyata keçirilir və reyslərin regionun ən böyük beynəlxalq aviasiya qovşaqlarından birində cəmləşdirilməsini nəzərdə tutur.
Məqsəd uçuşların təşkilində səmərəliliyi artırmaq, eyni zamanda İstanbul Beynəlxalq Hava Limanının geniş beynəlxalq marşrut şəbəkəsi sayəsində sərnişinlərə növbəti səyahətlərini planlaşdırmaq üçün daha əlverişli imkanlar yaratmaqdır”, - məlumatda qeyd olunur”.