Qısa videoların yaradılması və izlənilməsi üzrə aparıcı platforma olan TikTok yeni təhlükəsizlik alətlərini təqdim edib.
Manset.az xəbər verir ki, əsas yeniliklər arasında “Ailə parametrləri” funksiyasının imkanlarının genişləndirilməsi, müəllimlər üçün xüsusi bələdçinin hazırlanması, eləcə də süni intellekt (AI) tərəfindən yaradılan kontentin tanınması və kontent yaradıcılarının razılığı olmadan onların xarici görünüşündən istifadə edilməsinin qarşısını almağa yönəlmiş yeni texnologiyaların tətbiqi yer alır.
TikTok istifadəçilərin platformada özlərini təhlükəsiz
və rahat hiss etmələrinə kömək edən alətləri təkmilləşdirməyə davam edir. Təqdim
olunan yeniliklər ailələrin yeniyetmələrin rəqəmsal vərdişlərini daha yaxşı
anlamasına, istifadəçilərin və kontent yaradıcılarının isə generativ süni
intellekt texnologiyaları vasitəsilə hazırlanmış məzmunu müəyyənləşdirmək və öz
maraqlarını qorumaq üçün daha geniş imkanlar əldə etməsinə yönəlib.
Yeniyetmələrin rəqəmsal fəaliyyəti haqqında daha ətraflı
məlumat
TikTok valideynlərə öz hesablarını yeniyetmə
övladlarının hesabları ilə əlaqələndirməyə, onların təhlükəsizlik və məxfilik
parametrlərini idarə etməyə imkan verən yenilənmiş “Ailə
ayarları” funksiyasını təqdim edib.
TikTok-da yeniyetmələrin hesablarında artıq bir
sıra daxili təhlükəsizlik mexanizmləri mövcuddur. Bunlara məxfilik parametrləri,
məzmuna tətbiq edilən yaş məhdudiyyətləri və standart olaraq müəyyən edilmiş
gündəlik 60 dəqiqəlik ekran vaxtı limiti daxildir. Son yeniləmə bu imkanları
tamamlayaraq valideynlərə övladlarının platformadan necə istifadə etməsi barədə
daha ətraflı və əyani məlumat əldə etmək imkanı yaradır.
Yenilənmiş interfeys dörd əsas istiqaməti əhatə
edir:
·
Ekran vaxtı. Artıq valideynlər “Ailə ayarları” funksiyasından
istifadə edərkən ilk növbədə yeniyetmənin TikTok-da keçirdiyi orta vaxt, gecə
saatlarındakı aktivliyi və müəyyən edilmiş məhdudiyyətlər barədə məlumatları
görə biləcəklər. Bu məlumatlar əvvəllər də əlçatan olsa da, son yeniləmələr
sayəsində daha aydın və nəzərdən keçirilməsi asan formada təqdim olunur.
·
Qarşılıqlı
əlaqələr. Valideynlər
yeniyetmənin izləyici və izlədiyi hesabların sayındakı dəyişiklikləri izləyə,
onun qarşılıqlı əlaqədə olduğu hesabları, eləcə də blokladığı profilləri görə
biləcəklər.
·
Maraq
dairəsi. Valideynlər yeniyetmənin
izlədiyi kontent yaradıcılarının videolarından ibarət seçilmiş məzmunu nəzərdən
keçirərək onun hansı mövzulara və icmalara maraq göstərdiyini daha yaxşı anlaya
biləcəklər.
·
Paylaşımlar. Yeni bölmə valideynlərə yeniyetmənin həftə ərzində
paylaşdığı açıq videoları və həmin videoların baxış sayını görməyə imkan
verəcək.
Bu məlumatlar hər gün yenilənəcək. Valideynlərin
rahatlığı üçün yenilənmiş “Ailə ayarları” funksiyası veb-brauzer vasitəsilə də əlçatan
olacaq.
TikTok yeni imkanları hazırlayarkən yalnız
valideynlərin nəzarət ehtiyacını deyil,, həm də ailə daxilində etimada əsaslanan
ünsiyyətin əhəmiyyətini nəzərə alıb. TikTok və Qualtrics şirkətlərinin birgə
apardığı araşdırmanın nəticələrinə görə, sorğuda iştirak edən yeniyetmə
valideynlərinin 70%-dən çoxu yalnız məhdudiyyətlər müəyyən edən deyil, həm də
uşaqları ilə onların rəqəmsal təcrübələri haqqında söhbətə başlamağa kömək edən
alətlərə sahib olmaq istədiklərini bildiriblər [1].
“Ailə ayarları” funksiyasının gələcək inkişafı çərçivəsində
TikTok, yeniyetmənin intihar və ya özünə zərər vermə mövzuları ilə bağlı
materialları təkrarən axtarması halında valideynləri məlumatlandıracaq
bildirişlər üzərində də işləyir. Bildirişlə yanaşı, valideynlərə yaranmış vəziyyəti
yeniyetmə ilə həssas şəkildə müzakirə etmək və ona dəstək təklif etmək yolları
barədə tövsiyələr də təqdim olunacaq.
Valideynlər üçün nəzərdə tutulan alətlərlə yanaşı,
TikTok müəllimlər və gənclərin təhlükəsizliyi üzrə ekspertlərlə birgə
hazırlanmış yeni təlimatı da təqdim edib. Təlimatda platformanın iş prinsipləri
və onlayn təhlükəsizlik alətləri haqqında məlumat, həmçinin şagirdlərlə rəqəmsal
rifah və media savadlılığı mövzularını müzakirə etməyə dair tövsiyələr yer alır.
Təlimat TikTok
Təhlükəsizlik Mərkəzində yerləşdiriləcək.
Süni intellektlə yaradılmış məzmunun müəyyən edilməsi
üçün alətlər
Bundan əlavə, platforma foto və ya videonun
TikTok-un generativ süni intellekt funksiyaları vasitəsilə yaradıldığını və ya
redaktə edildiyini müəyyən etməyə imkan verən alət təqdim edib. Bu alətdən
TikTok hesabı olmayan şəxslər də Şəffaflıq
Mərkəzi vasitəsilə müvafiq materialı yükləyərək istifadə
edə bilərlər.
Yoxlama zamanı məzmunun mənşəyi barədə məlumat
daşıyan rəqəmsal markerlərdən, eləcə də TikTok tərəfindən hazırlanmış görünməz
rəqəmsal su nişanlarından istifadə olunur. Bu nişanları materiallar yüklənərkən
və ya redaktə edilərkən silmək çətindir. Bu texnologiyalar süni intellektlə
yaradılmış məzmunu hətta platformadan kənarda yayıldığı hallarda belə müəyyənləşdirməyə
imkan verir.
TikTok süni intellektlə yaradılmış məzmunun işarələnməsi
texnologiyalarını davamlı olaraq təkmilləşdirir. İndiyədək platformada süni
intellekt vasitəsilə yaradılmış 5 milyarddan çox video müvafiq qaydada işarələnib.
Kontent yaradıcılarının müdafiəsi və süni intellekt
savadlılığının artırılması
TikTok, həmçinin kontent yaradıcılarına və ictimai
şəxslərə xarici görünüşlərindən onların razılığı olmadan istifadə oluna bilən
süni intellektlə yaradılmış məzmunu aşkar etməyə kömək edən “Likeness
Detection” alətinin bütün dünyada mərhələli şəkildə tətbiq olunacağını elan
edib.
Bu funksiyadan istifadə etmək üçün TikTok-un tərəfdaşlıq
etdiyi üçüncü tərəf vasitəsilə şəxsiyyətin təsdiqlənməsi prosedurundan keçmək tələb
olunur. Bununla belə, platforma istifadəçilərin şəxsiyyətini təsdiq edən sənədləri
saxlamır. Kontent yaradıcıları xarici görünüşlərindən razılıqları olmadan
istifadə edilməsi ehtimalı barədə bildirişlər ala, aşkar edilmiş materiallara
baxa və İcma
Qaydalarını pozan məzmunla bağlı şikayət göndərə biləcəklər.
Yeni imkanlar TikTok-un süni intellekt
savadlılığının inkişafı istiqamətində həyata keçirdiyi təşəbbüsləri tamamlayır.
Platforma 2026-cı ilin iyul ayında tətbiq daxilində maarifləndirici bölməni
istifadəyə verib və indiyədək bu bölmədən 4 milyondan çox istifadəçi
yararlanıb. Bundan əlavə, “Mövzuların idarə edilməsi” funksiyası tövsiyə
lentində müxtəlif kateqoriyalara aid videoların, o cümlədən süni intellektlə
yaradılmış məzmunun nə qədər tez-tez göstərilməsini tənzimləməyə imkan verir.
Təqdim olunan bütün yeniliklər TikTok-un təhlükəsiz
rəqəmsal mühitin yaradılması istiqamətində apardığı davamlı işlərin tərkib hissəsidir.
Bu yeniliklər istifadəçilərə platformadan istifadə təcrübələrini müstəqil şəkildə
idarə etmək imkanı yaradır.
Qeyd:
1.
TikTok və Qualtrics tərəfindən araşdırma 11–14 avqust
2026-cı il tarixlərində ABŞ, Böyük Britaniya, Fransa və İndoneziyada 13–17
yaşlı yeniyetmələrin valideynləri arasında aparılıb. Araşdırmada hər ölkədən
500 nəfər olmaqla, ümumilikdə 2 000 valideyn iştirak edib.
TikTok haqqında
TikTok aparıcı
qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq
və onlara sevinc bəxş etməkdir.