Şirkətin rəqəmsal inkişaf modeli “Məsuliyyətli idarəetmə: Müsbət dəyişikliklərə imza atan Azərbaycan şirkətləri” kitabında əksini tapıb
“Azercell Telekom” MMC-nin rəqəmsal transformasiya və idarəetmə təcrübəsi dünya şöhrətli marketinq mütəxəssisi Filip Kotlerin “Məsuliyyətli idarəetmə: Müsbət dəyişikliklərə imza atan Azərbaycan şirkətləri” (Enlightened Management: Azerbaijan Companies Achieving Positive Impact) adlı kitabda təqdim edilib.
Manset.az xəbər verir ki, bir il ərzində hazırlanan nəşr Azərbaycan şirkət və
təşkilatlarının strateji inkişaf və idarəetmə təcrübəsini, nailiyyətlərini və cəmiyyətə
verdikləri töhfələri beynəlxalq biznes və akademik auditoriyaya tanıtmaq məqsədi
daşıyır.
Azercell-ə həsr olunan fəsildə şirkətin ənənəvi
telekommunikasiya operatorundan geniş rəqəmsal xidmətlər portfelinə malik
texnologiya şirkətinə transformasiyası, bu prosesin əsasında dayanan strateji qərarlar
və idarəetmə yanaşmaları işıqlandırılır. Süni intellektin müştəri xidmətlərinə
inteqrasiyası, robotik proseslərin avtomatlaşdırılması (RPA) vasitəsilə əməliyyat
səmərəliliyinin artırılması, bulud texnologiyaları əsasında işçi təcrübəsinin təkmilləşdirilməsi,
eləcə də “akart” fintek həllinin istifadəyə verilməsi şirkətin rəqəmsal inkişaf
strategiyasının konkret nümunələri kimi təqdim olunur.
“Azercell Telekom” MMC-nin baş icraçı direktoru Zərinə
Zeynalova qeyd edib: “Kitabda Azercell-in 2025-ci ilədək rəqəmsal
transformasiya sahəsində qazandığı təcrübə əksini tapıb. Bu gün isə biz daha
geniş strateji hədəflərlə irəliləyir, süni intellekti fəaliyyətimizin bütün
istiqamətlərinə inteqrasiya edən texnologiya şirkətinə çevrilirik. Bu məqsədlə
biznes proseslərindən innovativ məhsul və xidmətlərin yaradılmasına qədər bütün
fəaliyyətimizi köklü şəkildə yeniləyirik. Biz texnologiyanın əsl dəyərini
insanların həyatına gətirdiyi müsbət dəyişikliklərdə, müştərilərin
ehtiyaclarını qabaqlayan innovativ həllərdə və açdığı yeni rəqəmsal imkanlarda
görürük.
Təcrübəmizi beynəlxalq auditoriya ilə bölüşməklə rəqəmsal transformasiya üzrə
qlobal dialoqa töhfə verməyi, eyni zamanda, Azərbaycanın texnoloji imkanlarını
və artan innovasiya potensialını dünyaya tanıtmağı hədəfləyirik”.
Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyinin və layihə iştirakçılarının əməkdaşlığı ilə ərsəyə gələn kitabın müəllifləri
Filip Kotler, Tata Tcholaria və Gabriele Carbonidir. Kitaba liderlik üzrə dünya
şöhrətli ekspert, “The New York Times”ın bestseller müəllifi Marshall Goldsmith
ön söz yazıb.
Kitabın qlobal elektron kitabxanalarda və beynəlxalq
təhsil platformalarında yayımlanması nəzərdə tutulur. Nəşrin satışından əldə
olunacaq gəlir “Kashalata” və “Rotary Foundation” təşkilatlarının sosial təşəbbüslərinin
dəstəklənməsinə yönəldiləcək.
Şirkət
bu keysin “Məsuliyyətli İdarəetmə” («Enlightened Management») nəşrində dərcinə
müstəsna icazə vermişdir. Müəlliflik və əqli mülkiyyət hüquqları “Azercell Telekom”
MMC-də saxlanılır.