logo
logo logo
logo

"COP31-də konsensusun əldə olunmaması məyusedicidir" - Azay Quliyev

19:31 - 25 Noyabr 2026

\"COP31-də konsensusun əldə olunmaması məyusedicidir\" - Azay Quliyev

"Türkiyənin Antalya şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının 31-ci İqlim Dəyişikliyi Konfransı (COP31) ən aktual iqlim problemləri ilə bağlı beynəlxalq konsensusa nail olmağın çətinliklərini və mövcud öhdəliklərin konkret tədbirlərə çevrilməsinin təcili zəruriliyini bir daha ortaya qoyub".


Manset.az xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi Komitəsinin sədri Azay Quliyev (Azərbaycan) bildirib.

Konfrans Ədalətli Keçid üzrə İş Proqramı, Adaptasiya üzrə Qlobal Məqsəd, İqlim Maliyyəsi üzrə İş Proqramı və Adaptasiya Fondu da daxil olmaqla bir sıra mühüm məsələlər üzrə nəticələr əldə edib. Bununla belə, ənənəvi yanacaqların gələcəyi və yaşıl enerji keçidinin tempi ilə bağlı fikir ayrılıqları fonunda ümumi siyasi razılaşma əldə edilmədən başa çatıb.

“COP31-də konsensusun əldə olunmaması, xüsusilə iqlim böhranının nə qədər təcili xarakter daşıdığını nəzərə alsaq, məyusedicidir. 197 iştirakçı tərəf arasında razılığın əldə olunması heç vaxt asan olmayıb. Türkiyənin ev sahibi olaraq danışıqlara şərait yaratmaq və konsensusa nail olmaq istiqamətində göstərdiyi ciddi səylərə baxmayaraq, bəzi əsas məsələlər üzrə razılıq əldə etmək mümkün olmadı. İqlim liderliyinin əsl sınağı yalnız razılığa gəlmək bacarığımız deyil, həm də öhdəlikləri real nəticələrə çevirmək qabiliyyətimizdir. Ənənəvi yanacaqlardan ədalətli, nizamlı, bərabərhüquqlu və mərhələləli şəkildə imtina beynəlxalq iqlim səylərinin əsas istiqaməti olaraq qalmalıdır. Danışıqlar masasında razılığın əldə olunmaması ölkələrin milli səviyyədə konkret və ölçülə bilən tədbirlərlə irəliləməsinə mane olmamalıdır”, – deyə Quliyev bildirib.

O, ATƏT Parlament Assambleyasının 2026-cı il Haaqa Bəyannaməsinin fəaliyyətə çağırışını xatırladıb. Bəyannamə xüsusilə, iştirakçı dövlətləri ənənəvi yanacaqlardan asılılığını mərhələli şəkildə azaltmağa, yaşıl enerjiyə keçidi şaxələndirməyə, enerji dayanıqlığını və əlçatanlığını gücləndirməyə çağırır. Bəyannamədə həmçinin Paris Sazişinə uyğun iddialı iqlim strategiyalarının hazırlanması, emissiyaların azaldılması və adaptasiya tədbirlərinin gücləndirilməsi, aşağı karbonlu enerji sistemlərinə ədalətli və inklüziv keçidin təmin edilməsi, möhkəm qanunvericilik çərçivələrinin yaradılması və adekvat iqlim maliyyəsinin təmin olunması tələb edilir.

“Bunlar konkret tövsiyələrdir və indi əsas vəzifə onların həyata keçirilməsidir. Milli parlamentlər bu öhdəliklərin qanunvericiliyə çevrilməsində, hökumət siyasətinin və büdcələrinin təhlilində, emissiyaların azaldılması üzrə hesabatlılığın təmin edilməsində, təmiz enerjiyə və iqlim dayanıqlığına investisiyaların dəstəklənməsində mühüm rol oynayır. Parlamentlər həmçinin keçidin vətəndaşlar və icmalar üçün ədalətli və əlçatan olmasını təmin etməlidirlər”, – deyə Quliyev bildirib.

O vurğulayıb ki, bundan sonrakı mərhələdə milli səviyyədə daha güclü fəaliyyət, beynəlxalq dialoqun yenidən canlandırılması və enerji təhlükəsizliyi, iqlim maliyyəsi, eləcə də transsərhəd ekoloji problemlər üzrə parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi bir araya gətirilməlidir. ATƏT regionunda iqlim dəyişikliyi su qıtlığı, səhralaşma, torpaqların deqradasiyası, ekstremal hava hadisələri, daşqınlar, meşə yanğınları, enerji sistemlərinə və kritik infrastruktura təzyiq də daxil olmaqla, bir-biri ilə əlaqəli riskləri daha da kəskinləşdirir. Bu çağırışlar milli sərhədləri aşır və ortaq məsuliyyət, daha güclü beynəlxalq əməkdaşlıq, eləcə də iqlimə davamlılığın artırılması istiqamətində əlaqələndirilmiş səylər tələb edir. Parlamentlərarası dialoq və əməkdaşlıq ümumi həll yollarının irəlilədilməsinə, təcrübə mübadiləsinin təşviqinə və region boyunca iqlimlə bağlı risklərə qarşı effektiv tədbirlərin görülməsinə dəstək verə bilər.

“COP31 yeni səylər üçün başlanğıc olmalıdır, geri çəkilmək üçün səbəb deyil. İstər qlobal emissiyaların azaldılması, istərsə də su təhlükəsizliyi kimi regional problemlərin həlli olsun, parlament üzvlərinin öhdəlikləri konkret fəaliyyətə çevirmək məsuliyyəti var. Dialoq, qanunvericilik və sərhədlərarası əməkdaşlıq vasitəsilə biz etimadın bərpasına kömək edə və beynəlxalq danışıqlar maneələrlə üzləşsə belə, irəliləyişin mümkün olduğunu nümayiş etdirə bilərik”, – deyə Quliyev yekunlaşdırıb.

https://www.oscepa.org/en/news-a-media/press-releases/2026/urgent-need-for-parliamentary-leadership-on-climate-action-following-cop-31-osce-pa-environmental-committee-chair-says

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az