“Sabah” UEFA Çempionlar Liqası Liqa mərhələsinin V turu çərçivəsində sabah Bakı Olimpiya Stadionunda “Barselona”nı qəbul edəcək.
Manset.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
– Rəqib dünya nəhənglərindən olan “Barselona”dır, siz isə debütantsınız. Belə səviyyə fərqi olan oyunda sizin üçün hansı amillər daha böyük rol oynayacaq?
– Meydançaya çıxacağıq, oyundan ləzzət almalıyıq. Rəqibi tanıyırıq. Təbii ki, Avropada “Barselona”nın titullarını, onların gücünü bilirik. Mənim üçün hansısa zəif məqam tapmaq çətindir. Özümüzə güvənməli və oyundan zövq almalıyıq. Müdafiədə hansısa boşluqlarımız ola bilər. Amma əlimizdən gələni etməliyik. Bu matç özümüzü ən yaxşı tərəfdən göstərmək üçün yaxşı şansdır.
– Lamin Yamal Bakıya gəlməyib. Bu haqda nə fikirləşdiniz? Sizcə, “Barselona”da ən yaxşı oyunçu kimdir?
– Azərbaycanlı azarkeşlər üçün üzüldüm. Çünki onlar Yamalı görmək istəyirdilər. Dünya futbolunun ikonalarından biridir, onu burada görmək yaxşı olardı. Gəncdir. Başa düşürəm ki, hər futbolçu üçün hər matçda oynamaq mümkün deyil. “Barselona”nın baş məşqçisi üçün bu, problem deyil. Çünki onun superulduzlardan ibarət komandası var. Əlimizdən gələni etmək istəyirik, qarşımızda dünyanın ən yaxşı oyunçularını görəcəyik. Bu futbolçuların hamısı ayrı-ayrılıqda hamısı superulduzdur.
– İngiltərədə işləmisiniz. Bu, baş məşqçi kimi inkişafınıza necə təsir göstərdi?
– Bəli, 2002-ci ildən karyeram başlayıb. Hər bir təcrübə həyatımıza təsir göstərir. Bu vaxta kimi işlədiyim klublar, oradakı futbolçular, prezidentlər mənim üçün təcrübədir. Bu da mənim təkmilləşməyimə töhvə verib.
– Belə oyunlarda komandanı kökləmək çətin olur?
– “Barselona”ya qarşı oynayırıqsa, motivasiyaya ehtiyac yoxdur. Futbolçularım artıq motivasiyalıdır. Uşaq olanda hər kəs özünü Çempionlar Liqasında “Barselona”, “Real”a qarşı oynamağı təsəvvür edirdilər. Bu cür oyunlar baş məşqçi üçün də çox asandır. Çünki hamı birdən-birə motivasiyalı olur. Heç kəsdə ağrı olmur, hamı özünü hazır hiss edir.
– Komandanız “Barselona”ya qarşı oynayır. Karyeranızın ən vacib oyunudur, yoxsa sizin üçün əyləncədir?
– Bunun həyatımda ən vacib matç olduğunu soruşursunuzsa, xeyr. Digər oyunlar da var ki, onlar da vacibdir. Qalib gəlməliyik, şansımızı davam etdirməliyik. Bu cür matçlarda bizdən xüsusi bir şey tələb olunmur. Mümkün olan ən yaşı performansı sərgiləyərək, oyundan zövq alacağıq. Dünyanın ən yaxşı komandasına qarşı oynayacağıq. Maksimumu etsək də, bu səviyyəyə çatmaq mümkün deyil. İnkişaf etməli, daha artığını etməliyik. Sabah hər şey öz axarında olacaq. Gözəl gecə olacaqsa, hər kəs bu gecəni xatırlayacaq. Biz oyundan zövq almağa çalışacağıq.