İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Tehran rəhbərliyinin daha əvvəl açıqladığı 7 şərt yerinə yetirilmədən Vaşinqtonla danışıqlara başlanılması istiqamətində heç bir addım atılmayacağını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, parlamentin açıq iclasında çıxış edən Qalibaf ABŞ ilə yaranmış gərginliklə bağlı açıqlamalar verib.
ABŞ Prezidenti Donald Trampın və digər amerikalı rəsmilərin bəyanatlarına münasibət bildirən Qalibaf İrana qarşı təhdidlərin və iqtisadi təzyiqlərin davam etdirilməsinin Vaşinqtonun Tehran qarşısındakı çarəsizliyinin göstəricisi olduğunu iddia edib.
İranın ABŞ ilə danışıqlara dair mövqeyinin aydın və dəyişməz olduğunu vurğulayan Qalibaf deyib:
“Daha əvvəl də bildirdiyimiz kimi, İranın 7 şərti yerinə yetirilmədən heç bir addım atılmayacaq və danışıqlar aparılmayacaq”.
ABŞ-nin mümkün hücumlarına cavab verməyə hazır olduqlarını bildirən parlament sədri əlavə edib:
“Düşmənin hər hansı səhvə yol verməsi halında, müharibənin coğrafiyasını dəyişdirmək də daxil olmaqla, qətiyyətli cavab verməyə hazırıq”.