"Türkiyənin Antalya şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının 31-ci İqlim Dəyişikliyi Konfransı (COP31) ən aktual iqlim problemləri ilə bağlı beynəlxalq konsensusa nail olmağın çətinliklərini və mövcud öhdəliklərin konkret tədbirlərə çevrilməsinin təcili zəruriliyini bir daha ortaya qoyub".
Manset.az xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi Komitəsinin sədri Azay Quliyev (Azərbaycan) bildirib.
Konfrans Ədalətli Keçid üzrə İş
Proqramı, Adaptasiya üzrə Qlobal Məqsəd, İqlim Maliyyəsi üzrə İş Proqramı və
Adaptasiya Fondu da daxil olmaqla bir
sıra mühüm məsələlər üzrə nəticələr əldə edib. Bununla belə, ənənəvi yanacaqların
gələcəyi və yaşıl enerji
keçidinin tempi ilə bağlı fikir ayrılıqları fonunda ümumi siyasi razılaşma əldə
edilmədən başa çatıb.
“COP31-də konsensusun əldə
olunmaması, xüsusilə iqlim böhranının nə qədər təcili xarakter daşıdığını
nəzərə alsaq, məyusedicidir. 197 iştirakçı tərəf arasında razılığın əldə
olunması heç vaxt asan olmayıb. Türkiyənin ev sahibi olaraq danışıqlara şərait
yaratmaq və konsensusa nail olmaq istiqamətində göstərdiyi ciddi səylərə
baxmayaraq, bəzi əsas məsələlər üzrə razılıq əldə etmək mümkün olmadı. İqlim
liderliyinin əsl sınağı yalnız razılığa gəlmək bacarığımız deyil, həm də
öhdəlikləri real nəticələrə çevirmək qabiliyyətimizdir. Ənənəvi yanacaqlardan
ədalətli, nizamlı, bərabərhüquqlu və mərhələləli
şəkildə imtina beynəlxalq iqlim səylərinin əsas istiqaməti olaraq qalmalıdır.
Danışıqlar masasında razılığın əldə olunmaması ölkələrin milli səviyyədə
konkret və ölçülə bilən tədbirlərlə irəliləməsinə mane olmamalıdır”, – deyə
Quliyev bildirib.
O, ATƏT Parlament Assambleyasının
2026-cı il Haaqa Bəyannaməsinin fəaliyyətə çağırışını xatırladıb. Bəyannamə
xüsusilə, iştirakçı dövlətləri ənənəvi yanacaqlardan asılılığını mərhələli
şəkildə azaltmağa, yaşıl
enerjiyə keçidi şaxələndirməyə, enerji dayanıqlığını və əlçatanlığını
gücləndirməyə çağırır. Bəyannamədə həmçinin Paris Sazişinə uyğun iddialı iqlim
strategiyalarının hazırlanması, emissiyaların azaldılması və adaptasiya
tədbirlərinin gücləndirilməsi, aşağı karbonlu enerji sistemlərinə ədalətli və
inklüziv keçidin təmin edilməsi, möhkəm qanunvericilik çərçivələrinin
yaradılması və adekvat iqlim maliyyəsinin təmin olunması tələb edilir.
“Bunlar konkret tövsiyələrdir və
indi əsas vəzifə onların həyata keçirilməsidir. Milli parlamentlər bu
öhdəliklərin qanunvericiliyə çevrilməsində, hökumət siyasətinin və büdcələrinin
təhlilində, emissiyaların azaldılması üzrə hesabatlılığın təmin edilməsində,
təmiz enerjiyə və iqlim dayanıqlığına investisiyaların dəstəklənməsində mühüm
rol oynayır. Parlamentlər həmçinin keçidin vətəndaşlar və icmalar üçün ədalətli
və əlçatan olmasını təmin etməlidirlər”, – deyə Quliyev bildirib.
O vurğulayıb ki, bundan sonrakı
mərhələdə milli səviyyədə daha güclü fəaliyyət, beynəlxalq dialoqun yenidən
canlandırılması və enerji təhlükəsizliyi, iqlim maliyyəsi, eləcə də transsərhəd
ekoloji problemlər üzrə parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi
bir araya gətirilməlidir. ATƏT regionunda iqlim dəyişikliyi su qıtlığı,
səhralaşma, torpaqların deqradasiyası, ekstremal hava hadisələri, daşqınlar,
meşə yanğınları, enerji sistemlərinə və kritik infrastruktura təzyiq də daxil
olmaqla, bir-biri ilə əlaqəli riskləri daha da kəskinləşdirir. Bu çağırışlar
milli sərhədləri aşır və ortaq məsuliyyət, daha güclü beynəlxalq əməkdaşlıq,
eləcə də iqlimə davamlılığın artırılması istiqamətində əlaqələndirilmiş səylər
tələb edir. Parlamentlərarası dialoq və əməkdaşlıq ümumi həll yollarının
irəlilədilməsinə, təcrübə mübadiləsinin təşviqinə və region boyunca iqlimlə
bağlı risklərə qarşı effektiv tədbirlərin görülməsinə dəstək verə bilər.
“COP31 yeni səylər üçün başlanğıc olmalıdır, geri çəkilmək üçün səbəb deyil. İstər qlobal emissiyaların azaldılması, istərsə də su təhlükəsizliyi kimi regional problemlərin həlli olsun, parlament üzvlərinin öhdəlikləri konkret fəaliyyətə çevirmək məsuliyyəti var. Dialoq, qanunvericilik və sərhədlərarası əməkdaşlıq vasitəsilə biz etimadın bərpasına kömək edə və beynəlxalq danışıqlar maneələrlə üzləşsə belə, irəliləyişin mümkün olduğunu nümayiş etdirə bilərik”, – deyə Quliyev yekunlaşdırıb.