Bakıda iki dostu – Şahin Bayramov və Fərid Əlirzayevi qətlə yetirilməkdə təqsirləndirilən Nurani Məmmədovun apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib.
Manset.az Unikal-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs olan Nurani Məmmədovun vəkili Ceyhun Yusifov müdafiə çıxışı edərək bildirib ki, qəsdin xarakteri müdafiənin xarakterinə uyğun gəlməlidi. Ona görə də müvəkkilinə bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Daha sonra təqsirləndirilən şəxs Nurani Məmmədov ifadə verib:
"Bizim heç birimizin bu hadisədə tam günahımız yoxdu. Düzdü, hadisə zamanı 2 nəfər dünyasını dəyişib ancaq hansı şəraitdə dəyişib. Mən Allaha pənah aparıram, haqqımı hamınıza halal edirəm. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına etiraz etmirəm".
Daha sonra digər təqsirləndirilən şəxs Tural Məmmədov son söz deyib:
"Hadisə günü mən əlimdə çörək evə qalxırdım. Hər şey müşahidə kameralarına düşüb. Gözümün qabağında 5 nəfər əllərində bıçaqla düşüblər qardaşımın üstünə onu öldürmək istəyirlər. Mən neyləməli idim, möhtərəm hakim? Qardaşıma beç bıçaq zərbəsi vuruldu. Ürəyinə cüzi qalmışdı keçməyə. Bu gün mənim qardaşım da həyatda olmaya bilərdi. 6-7 maşın evimizə basqın ediblər və hamısının əlində də soyuq silah var idi. Əgər Fəridi öldürmək ona yanından bıçaq atmazdım. Mən aqressiyanın qarşısını almışam çünki dəhşət içkili idilər. Fəridə ölümcül zərbənin vurulduğunu bilsəydim heç onun yanından bıçaq vurmazdım".
Məhkəmənin növbəti iclası dekabrın 1-nə təyin edilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın verdiyi hökmə əsasən, Nurani Məmmədov 17 il, Ramin Quliyev 5 il, Tural Məmmədov 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Belə ki, Nurani Məmmədova qarşı irəli sürülmüş 120.2.2-ci və 120.2.7 maddələri xaric edilib. Ramin Quliyevə qarşı irəli sürülmüş 32.4, 120.2.2-ci və 32.4, 120.2.7-ci maddələrinə bəraət verilib.
Yunis Rəhimov 3 il və Sərxan Şahbazov isə 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər.
Xatırladaq ki, prokuror məhkəməyə təqsirləndirilənlərdən Yunis Rəhimovun 3 il azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını, Nurani Məmmədovun ömürlük, Ramin Quliyevin 20 il, Tural Məmmədovun 20 il və Sərxan Şahbazovun isə 3 il azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edək ki, hadisə 2022-ci ilin fevralında Nərimanov rayonu ərazisində qeydə alınıb. İstintaq araşdırması zamanı məlum olub ki,paytaxt sakinləri olan Şahin Bayramov və Fərid Əlirzayev kütləvi dava zamanı qətlə yetirib.
Hadisəni törətməkdə təqsirli bilinən Sərxan Şahbazov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Yunis Rəhimov məsuliyyətə şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb olunublar.
Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, cinayət işinin məhkəmə istintaqı daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin icraatinda araşdırılıb. Hakim 2025-ci ilin mayinda dünyasını dəyişdiyi üçün cinayət işi hakim Aygun Qurbanovanın sədrliyi ilə olan heyətin icraatına verilib.