Aprelin 14-də saat 18 radələrində Mingəçevir şəhəri ərazisində 1997-ci il təvəllüdlü Şaxanım Ələkbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Manşet.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Prokurorluğu məlumat yayıb.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1994-cü il təvəllüdlü Yasin Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Şaxanım Ələkbərovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Yasin Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
Mingəçevirdə qətl hadisəsi baş verib.
Manşet.az xəbər verir ki, hadisə şəhərin “Sənaye parkı” adlanan ərazisində qeydə alınıb. 25 yaşlı qadının bıçaqla qətlə yetirildiyi bildirilir. Təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Məhərrəmov Yasin Məhərrəm oğlu saxlanılıb.
Qətlə yetirdiyi qadının onun keçmiş həyat yoldaşı olduğu deyilir.(apa.az)