“İctimai fəal Bəxtiyar Hacıyevin İctimai Şuraya müraciətləri, bu müraciətlərdə qaldırdığı məsələlər, hüquqlarının pozulması ilə bağlı Şuranın iclasında dediklərini diqqətə çatdırdım”.
Manset.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev deyib. O qeyd edib ki, aprelin 13-də daxili işlər naziri Vilayət Eyvazovla görüşüb.
Ə. Nuriyevin sözlərinə görə, nazir DİN tərəfindən B.Hacıyevin bütün müraciətlərinə cavab verildiyini deyib: “Nazir onun narazı qaldığı məsələlər barədə təkrar müraciət etmək, digər orqanlara şikayət etmək hüququnun olduğunu bildirdi. Qeyd etdi ki, DİN Bəxtiyar Hacıyevin müraciətləri əsasında müvafiq araşdırmalar aparıb və nəticəsi barədə onu məlumatlandırıb”.
Qeyd edək ki, B. Hacıyev ayrı-ayrı vaxtlarda DİN-ə müraciətlər etdiyini, şikayətinə baxılmadığını iddia edir. Nazirlik isə bu iddiaları təkzib edərək şikayəti ilə bağlı məhkəməyə müraciət etmək hüquqlarının ona izah edildiyini bildirir. İctimai fəal sonuncu dəfə ötən ay DİN-in binasının qarşısında şikayət əsasında aparılan araşdırmaya etiraz edib.