Goranboy rayon Səmədabad kəndindən olan şəhid Eldar Cabbarovun xatirəsi yad edilib.
Manset.az-ın məlumatına görə, kəndin yeganə şəhidi olan Cabbarov Eldar Aslan oğlunun xatirəsinə kəndin girişinə yeni qoyulan xatirə lövhəsinin qarşısında anım tədbiri keçirilib.
Cabbarov Eldar Aslan oğlu 20 avqust 1974-cü ildə Goranboy rayonunun Səmədabad kəndində dünyaya göz açıb.
Orta məktəbi bitirdikdən sonra, 1992-ci ildə Qusar rayonu "N" saylı hərbi hissədə hərbi xidmətə başlayıb.
Daha sonra Füzuli istiqamətindəki döyüş bölgəsinə göndərilib.
O, Zəngilan ətrafında gedən döyüşlərdə də igidlik göstərib.
1993-cü ildə Murovun “Güzgü” adlanan ərazisində döyüşərək şəhadət zirvəsinə ucalıb.
Şəhid Cabbarov Eldarın adını daşıyan sinfin, icma əsaslı məktəbəqədər təhsil qrupunun və Arəstə Baxışova adını daşıyan sinfin şagirdləri anım mərasimində şeirlər söyləyib.
Bu tədbirdə şəhidin doğmaları, şagirdlər, kəndin ziyalı ağsaqqalları, İkinci Vətən müharibəsi iştirakçıları, məktəb rəhbərliyi və bir qrup müəllim şəhidimizin keçdiyi döyüş yollarından, qəhrəmanlıqlarından danışaraq onu ehtiramla yad ediblər.