“TikTok”da yazdığı nalayiq ifadələrə görə Vətən Müharibəsi iştirakçısını öldürən Əli Musayevin məhkəmə işi yekunlaşıb.
Manset.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ona hökm oxunub. Hökmə əsasən, Ə.Musayev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin noyabrında baş verib. 39 yaşlı Əli Musayev “TikTok”da yazdığı nalayiq ifadələrə görə digər istifadəçi 30 yaşlı Natiq Ramazonovla görüşüb məsələyə aydınlıq gətirmək qərarına gəlib. Onlar Bakıda Qara Qarayev prospektində görüşüblər. Mübahisə zamanı Ə.Musayev N.Ramazanovu sağ budundan bıçaqlayıb. Zərərçəkən xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, öldürülən 1991-ci il təvəllüdlü Natiq Ramazanov İkinci Qarabağ Müharibəsinin iştirakçısı olub. O, aktiv “TikTok” istifadəçisi imiş. Memarlıq və İnşaat Universitetinin məzunu olan N.Ramazanov hərbi xidmət vaxtı leytenant rütbəsi alıb. Vətən Müharibəsinə könüllü yollanıb. N.Ramazanov Hadrutun, Füzulinin, Cəbrayılın işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib.
Həbs edilən Əli Musayevin isə dini təriqət nümayəndəsi olduğu bildirilir.